ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxanada “Ədalət Tahirzadənin fondu” yaradılıb

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) professor Ədalət Tahirzadə tərəfindən kitabxanaya hədiyyə olunmuş rəqəmsal kolleksiyanın təqdimatı keçirilib.

MEK-dən AZƏRTAC-a bildirilib ki, kolleksiyada Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tələbələri və parlament üzvləri, eləcə də sovet repressiyasına məruz qalmış və güllələnmiş şəxslərin siyahıları, müxtəlif bölgələrdən toplanmış nadir kitablar, xarici ölkələrdən əldə edilmiş Azərbaycan dərgiləri, 60000-dən çox fotokolleksiya (şərhlər və izahlar ilə) yer alıb. Kolleksiyada, həmçinin Ədalət Tahirzadənin şəxsi kitabxanası, XX əsrin əvvəlinə aid Azərbaycan mətbuatı (“Azərbaycan”, “Həyat”, “İrşad”, “İqbal” və b.) və e-kitablar, ilk milli dərsliklər, tarixçi alim Nərmin Tahirzadənin sənədləri, ölkənin mədəni, ictimai-siyasi həyatında fəal rol oynamış şəxslər haqqında qısa məlumatlar, kataloq və başqa sənədlər mövcuddur.

MEK-in direktoru Leyla İmanova kitabxananın həyatında akademik icmanın rolunun artmasından, fondların oxucular və könüllülər tərəfindən zənginləşdirilməsindən, nadir mənbələrin könüllülər ilə birlikdə araşdırılmasından, Ədalət Tahirzadənin kolleksiyasında dərin araşdırmalar üçün qiymət kəsb edən və geniş ictimaiyyətə az məlum olan qiymətli arxiv materiallarının olmasından danışıb.

Bildirib ki, Azərbaycan Milli Rəqəmsal Yaddaş bazasına daxil edilmiş bu sənədlər haqqında daha geniş informasiyanı MEK-in yenidən qurulan və yaxın vaxtlarda istifadəçilərin ixtiyarına veriləcək saytından əldə etmək mümkündür.

MEK-in direktoru oxucuların sənədlərlə bağlı sorğusuna operativ cavab verildiyini deyib, istifadəçiləri maraqlandıran materialın elektron formatda da əldə edilmə imkanlarını açıqlayıb.

Professor Ədalət Tahirzadə çıxışında 15 il ərzində topladığı çap və elektron arxivini təmənnasız şəkildə MEK-ə təqdim etməkdən məmnunluq hissi keçirdiyini, bu addımın digər ziyalılara da örnək olacağına inandığını söyləyib.

MEK təcrübəsində ilk dəfə olaraq kolleksiyanın təqdimatı müəllifi tərəfindən həyata keçirilib. Kolleksiya 413 GB həcmində, 130 mindən artıq sənəd təşkil edir.

Təqdimat zamanı professor Ədalət Tahirzadə tarixi hadisələrə maraqlı ekskursiya edib.

Tədbirdə çıxış edən Əli Şamil, Səməd Vəkilov, Dilqəm Əhməd, Şöhlət Əfşar professor Ədalət Tahirzadənin bu addımını yüksək qiymətləndirib, təqdim edilmiş qiymətli arxiv sənədlərindən oxucuların geniş şəkildə istifadə edəcəklərinə əminliklərini bildiriblər.

Sonda Ədalət Tahirzadə ilə MEK arasında təqdim edilmiş kolleksiyaya dair müəllif müqaviləsi imzalanıb.

Qeyd edək ki, indiyə qədər MEK ilə 110 müəllif müqaviləsi imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.