ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxanada ETSN-in əməkdaşları üçün “Vikipediya” təlimləri təşkil olunub

Bakı, 28 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Təlim Mərkəzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları üçün təlim keçirilib.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, təlim “Vikipediya”da məqalələrin yerləşdirilməsinə dair bilik və bacarıqların formalaşdırılması məqsədi daşıyıb. Təlim MEK-in sərbəst elektron resurslar şöbəsinin təlimlər bölməsinin rəhbəri Günay Məmmədova tərəfindən keçirilib. Diqqətə çatdırılıb ki, son üç ildə MEK-də ardıcıl surətdə “Vikipediya” təlimləri təşkil edilir. Təlimlərin başlandığı vaxtdan bugünədək 40-dan çox qrup qəbul edilərək “Vikipediya" üzrə ödənişsiz maariflənmə imkanına yiyələnib. Hazırda həyata keçirilən digər təlimdə ETSN-in Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin, Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları iştirak edirlər.

Şöbənin mütəxəssisi Nuray Tanrıverdiyeva MEK-in təlimlərində iştirak edən “Vikipediya” Metodik Mərkəzi könüllülərinin Milli qəhrəmanlar, dövlətçilik tariximiz, əlamətdar günlərlə bağlı xarici dillərdə “Vikipediya”larda məqalələr hazırladıqlarını bildirib.

Məlumat verilib ki, ETSN-in müraciəti əsasında Azərbaycan dilində “Vikipediya”da MEK-in sərbəst elektron resurslar şöbəsinin əməkdaşı Səbinə Abizadə tərəfindən “Azərbaycanda ekologiya” məqaləsi yaradılıb.

Təlim keçən əməkdaşlar “Vikipediya”ya maraq göstərənlərin sayının gündən-günə artdığını, AMEA-nın institutları ilə yanaşı, digər təşkilatların da təlim üçün müraciət etdiklərini bildiriblər.

Qeyd edək ki, “Vikipediya” Təlim Mərkəzində son üç ildə AMEA-nın Respublika Seysmoloji Mərkəzinin, İqtisadiyyat, Ədəbiyyat, Zoologiya, Torpaqşünaslıq və Aqrokimya, Əlyazmalar, Ədəbiyyat, Kataliz və Qeyri-üzvi Kimya, Fizika institutlarının və Hüseyn Cavidin Ev-Muzeyinin, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin tələbələri, “Kaspi” liseyinin şagirdləri, SOCAR və digər təşkilatların nümayəndələri üçün təlimlər keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.