ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanada “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda lektoriya
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) mütəmadi şəkildə keçirilən Heydər Əliyev lektoriyasının növbəti məşğələsi “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusuna həsr edilib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, MEK-in baş direktoru professor Məmməd Əliyev ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə xalqın tərəqqisi üçün daim təhsilə verdiyi yüksək qiymətdən, Azərbaycan təhsilinin inkişafı naminə gördüyü böyük işlərdən, Prezident İlham Əliyevin müvafiq istiqamətdə göstərdiyi əvəzsiz xidmətlərdən danışıb, intellektual və savadlı gəncliyin, yüksəkixtisaslı kadrların yetişdirilməsində dövlət dəstəyindən bəhs edib. Baş direktor, eyni zamanda, dahi liderin irisinin araşdırılmasında MEK-in oxucular üçün verdiyi əvəzsiz töhfələrdən danışıb.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Əməkdar elm xadimi Misir Mərdanovun mövzu ətrafında geniş məruzəsi dinlənilib. Alim ümummilli lider Heydər Əliyevi ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bütün sahələrin inkişafı üçün müdrik və məqsədyönlü siyasət həyata keçirən qüdrətli lider kimi xarakterizə edib. Vurğulanıb ki, dahi rəhbər SSRİ-nin ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışıb və bu istiqamətdə əsaslı dönüş olaraq milli kadr potensialının daha da gücləndirilməsinə şərait yaradıb. M.Mərdanov dahi liderlə bağlı xoş xatirələrini bölüşüb.
Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı İbrahim Kazımbəyli, Bakı şəhər Nəsimi rayon Eldar Tağızadə adına 164 nömrəli tam orta məktəbin direktoru Kəmalə Qədirova Ümummilli Liderin dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən, elmə, təhsilə, Azərbaycan müəlliminə verdiyi dəyərdən bəhs ediblər.
Sonda tədbir iştirakçıları dahi lider Heydər Əliyevin təhsil sahəsində əvəzsiz xidmətlərindən bəhs edən nəşrlərdən ibarət sərgiyə baxıblar.