ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxanada İsmayıl Şıxlının anadan olmasının 100 illiyi ilə bağlı sərgi açılıb

Bakı, 9 aprel, AZƏRTAC 

Bu il yazıçı, publisist, ictimai xadim İsmayıl Şıxlının 100 illik yubileyi qeyd edilir. Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) sərgi salonunda yazıçı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi ilə bağlı sərgi təşkil edilib.

MEK-dən AZƏRTAC-a bildirilib ki, sərgidə yazıçının kitabxananın fondlarında saxlanılan “Xatirəyə dönmüş illər”, “Dəli Kür”, “Ölüləri qəbiristanlıqda basdırın”, “Daim axtarışda”, “Ölən dünyam”, “Cəbhə yolları”, “Mənim rəqibim”, “Namərd gülləsi”, “Dostum Hüseyn Arifin lətifələri”, eləcə də onun haqqında yazılmış “İsmayıl Şıxlının ədəbi-tənqidi görüşləri”, “İsmayıl Şıxlının dilçilik görüşləri” (Buludxan Xəlilov), “Həyat və ədəbi tale” (Abbas Hacıyev), “İ.Şıxlının bədii nəsri” (Təyyar Salamoğlu), “İsmayıl Şıxlı. Həyatı, mühiti, sənəti” (Yaqub İsmayılov) və digər kitablar nümayiş olunur.

İsmayıl Şıxlı zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilir. Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapıb.

Sərgidə nümayiş etdirilən kitablar MEK-in elektron kataloquna daxil edilərək Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib. Sərgi bu ilin sonunadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.