ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanada Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunan sərgi açılıb
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, repressiya qurbanı Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə sərgi açılıb.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, sərgi Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 may tarixli Sərəncamına əsasən təşkil edilib.
Sərgidə şairin kitabxana fondlarında qorunan seçilmiş əsərləri “Duyğu yarpaqları”, “Qaya” (şeirlər və poemalar), “Əbədiyyət nəğməsi”, həmçinin ədibin xatirəsinə həsr edilən “Mikayıl Müşfiq”, “Müşfiqin duyğu yarpaqları”, “Müşfiqli günlərim”, “Müşfiq incəlikləri”, “Üç budaq”, Müşfiq və folklor” kitabları nümayiş olunur.
İyunun 11-dək davam edəcək sərgidə nümayiş etdirilən kitablar MEK-in elektron kataloqunda qeyd olunub və Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib.