ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanada XVI əsrə aid ən qədim kitab mühafizə olunur
Bakı, 23 may, AZƏRTAC
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarında Azərbaycan kitabxana sistemindəki ən qədim və qiymətli kitablar mühafizə olunur.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, son zamanlar MEK-in Nadir kitablar və qiymətli nəşrlər fondunun yenidən formalaşdırılması və təşkili nəticəsində Azərbaycan kitabxanalarındakı ən qədim kitab eksponatının məhz burada mühafizə olunduğu müəyyən olunub.
Bu kitab Vallendorflu Virgilinin 1502-ci ildə çap olunan “Müxtəlif səhifələrdən və müəllifin məcmuələrindən ibarət heptalogiya” monoqrafiyasıdır.
Monoqrafiyada müəllif müxtəlif elm sahələri ilə əlaqədar fikirlərini bildirib, ritorika, arifmetika, etimologiya, orfoqrafiya, musiqi, astronomiya, həndəsə, etika, poetika, tarix, tibb, xiromantiya kimi elmləri və bu elm sahələrindəki problemləri qeyd edib.
Fondda, həmçinin 1508-1572-ci illəri əhatə edən, “Azərbaycan Respublikasının kitab abidələri”nə daxil olan kitablar da mühafizə edilir.
Qeyd edək ki, MEK-in Nadir kitablar və qiymətli nəşrlər fondu 1998-ci ildə yaradılıb. Burada kitablar müəyyən meyarlar əsasında seçilərək yığılıb. Bunlardan ən önəmliləri region və ölkə əhəmiyyətli elmi nəşrlər, nəfis tərtibatlı kitablar, nəşr tarixi və ölçülərinə görə seçilən kitablardır.