ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanada avtomatlaşdırılmış informasiya sistemi tətbiq edilir
Bakı, 17 sentyabr, AZƏRTAC
Maliyyə Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən “Korparativ və büdcə sektorlarında hesabatlılıq” layihəsi çərçivəsində büdcə təşkilatlarında, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Büdcə təşkilatları üçün maliyyə və mühasibatlıq hesabatları”nın (BTMMH) avtomatlaşdırılmış informasiya sistemi tətbiq olunur.
MEK-dən AZƏRTAC-a bildirilib ki, sistemin tətbiqi büdcədən maliyyələşən təşkilatlarda mühasibat uçotunun beynəlxalq və milli standartlara əsaslanan vahid prinsip üzərində qurulmasını və hesabatların standartlara uyğun tərtib olunmasını, o cümlədən maliyyə hesabatlarının avtomatik rejimdə formalaşmasını təmin edəcək. Sistemi layihə çərçivəsində “Sinam” MMC və Maliyyə Nazirliyinin müvafiq işçi qrupu hazırlayıb. BTMMH layihəsi çərçivəsindəki avtomatlaşdırılmış informasiya sistemləri MEK-in hazırda tətbiq etdiyi vahid idarəetmə sisteminə uyğundur.
Layihə çərçivəsində sentyabrın 17-də “Sinam” MMC-nin nümayəndələri Mərkəzi Elmi Kitabxanada proqramlaşdırma, mühasibat və insan resursları üzrə mütəxəssislərinə BTMMH-in tətbiqi barədə təlim keçiblər. Təlimdə məqsəd mühasibat uçotunun yüksək səviyyədə aparılmasını, maliyyə və digər hesabatların tərtib edilməsinin avtomatlaşdırılmasını dünya standartlarına və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılmasına kömək göstərməkdir.