ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxanada biobiblioqrafik sorğu kitablarının təqdimatı olub

Bakı, 7 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 2015-2019-cu illərdə hazırlanmış biobiblioqrafik sorğu kitablarının təqdimatı keçirilib.

MEK-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən direktor Leyla İmanova müvafiq sorğu kitablarını istənilən kitabxananın istehsal etdiyi informasiya məhsulu kimi qiymətləndirib. O, bu sahədə MEK-in Milli Rəqəmsal Yaddaş bazasını, “Vikipediya” sərbəst ensiklopedik resurslarda məqalələrin yerləşdirilməsini, redaktə edilməsini və digər fəaliyyətləri xüsusi qeyd edib.

Biblioqrafik sorğular bölməsinin rəhbəri Nərgiz Novruzova, bölmə əməkdaşları Afət Mehdiyeva, Mahnur Həsənova, Könül Mahmudova və Türkan Vahidova kitabxananın fondlarında mühafizə edilən və özündə 14 mindən çox sənəd cəm edən ixtisas fondu kataloquna aid edilən biblioqrafik göstəricilər haqqında məlumat veriblər. Qeyd edilib ki, MEK-in fondlarında Azərbaycan və rus dillərində 10 mindən çox biblioqrafiya var ki, onların 430-dan çoxu kitabxana tərəfindən hazırlanıb. Hazırda həmin biblioqrafiyalar elektron kataloqa daxil edilərək ixtisas fondunda mühafizə olunur. Bundan əlavə, 2015-ci ildən etibarən tərtib edilmiş 31 biobiblioqrafik göstərici CD şəklində cildlənmiş e-resurs kimi də fonda daxil edilib.

Təqdimatçılar akademiklər Əjdər Məcidovun, Zemfira Səfərovanın, Əhəd Yaqubovun, Əməkdar elm xadimləri Zümrüd Quluzadənin, Aqil Əliyevin, AMEA-nın sabiq prezidenti Musa Əliyevin 2018-ci ildə nəşr olunmuş biobiblioqrafiyaları barədə məlumat veriblər. Vurğulanıb ki, kitabxana AMEA-nın institut və təşkilatları tərəfindən tərtib edilmiş biobiblioqrafiyaların redaktəsini də həyata keçirir.

Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova kitabxananın innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş (MRY) bazası haqqında məlumat verib. Bildirib ki, layihənin məqsədi Azərbaycanın mədəniyyəti, tarixi, bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə bütün məlumatları bir araya toplamaq, arxivləşdirmək, sistemləşdirmək, rəqəmsallaşdırmaq və dünya oxucusu üçün əlçatan etməkdir. O, təqdimatın hazırlanmasında kitabxananın, həmçinin AMEA-nın institut və müəssisələrinin əməkdaşlarına təşəkkür edib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxana-informasiya işi üzrə müəllimi Kəmalə Məmmədova biblioqrafik sorğu kitablarının hazırlanmasında rast gəlinən problemlərdən danışıb. Bildirib ki, MEK-də biblioqrafiya komandası peşəkar şəkildə fəaliyyət göstərir. Bundan əlavə o, MEK-in biblioqrafik fəaliyyətinin tədris prosesinə cəlb olunması ilə bağlı təkliflər də səsləndirib. AMEA Geologiya və Geofizika, İnformasiya Texnologiyaları institutlarının əməkdaşları Əbülfət İmanov, Nailə Nağıyeva, Adil Əliyev, Rahid Rəhmanov, Leyla Ələkbərova da çıxış edərək MEK tərəfindən keçirilən təqdimat, hazırlanmış kitablarla bağlı fikirlərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.