ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxanada dəyirmi masa: Ailə və urbanizasiya

Bakı, 14 may, AZƏRTAC

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və Fəlsəfə və Sosiologiya İnstitutunun Qadınlar Təşkilatı tərəfindən “Ailə və urbanizasiya” mövzusunda dəyirmi masa keçirilib.

MEK-dən AZƏRTAC-a bildirilib ki, dəyirmi masa 15 May – Beynəlxalq Ailə Gününə həsr olunub.

Dəyirmi masada çıxış edən MEK-in baş direktoru professor Məmməd Əliyev respublikada güclü ailələrin formalaşmasından, onların həyat şəraitlərinin yaxşılaşdırılması yönündə dövlət tərəfindən aparılan uğurlu siyasətdən, həmçinin ailə dəyərlərinin qorunmasında gender bərabərliyindən danışıb. Ailədə və cəmiyyətdə qadının rolundan da ətraflı danışan baş direktor ailənin inkişafı ilə yanaşı, onların ictimai həyatda, elmi fəaliyyətdə mühüm yer tutduqlarını diqqətə çatdırıb. Professor Məmməd Əliyev ulu öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın ailəsinin cəmiyyətimiz üçün bir örnək olduğunu vurğulayıb.

Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə Azərbaycan ailə modelinə diqqət çəkərək bu dəyərlərin əsrlərdən bəri qorunub saxlanılmasını, toxunulmazlığını bildirib.

Sonra AMEA Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadənin mövzu ətrafında məruzəsi dinlənilib.

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Sabir Ağayev “BMT tərəfindən 15 May – Beynəlxalq Ailə Gününün təsis olunması haqqında” təqdimatla çıxış edib. Vurğulanıb ki, BMT Baş Assambleyasının 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə müvafiq olaraq 1994-cü ildən etibarən hər il mayın 15-i dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Azərbaycan isə bu ənənəyə 2008-ci ildən qoşulub.

Təqdimatda, həmçinin günümüzdə ailə institutunun formalaşması və inkişafında 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığı qeyd edilib.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Etika şöbəsinin aparıcı elmi işçisi dosent İradə Zərqanayevanın “İslamda ailə dəyərləri”, habelə institutun Müasir fəlsəfə problemləri şöbəsinin böyük elmi işçisi dosent Nəzakət Salmanovanın “Ailənin inkişafında dəyərlərin rolu və inkişaf xüsusiyyətləri”, Azərbaycan Dillər Universitetinin Regionşünaslıq kafedrasının müəllimi Günay Məmmədovanın “Qloballaşma şəraitində Azərbaycan ailə dəyərlərinin qorunması” mövzularında çıxışları dinlənilib.

Tədbirin təşkilatçıları MEK Qadınlar Təşkilatının sədri hüquq üzrə fəlsəfə doktoru Reyhan Cəfərova, eləcə də Fəlsəfə və Sosiologiya İnstitutunun Qadınlar Təşkilatının sədri fəlsəfə üzrə fəlsəfə doktoru Lalə Mövsümova mövzu ilə bağlı fikirlərini bölüşüblər. Həmçinin Ulu Öndərin ailəyə verdiyi dəyər, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində dövlət tərəfindən görülən işlərdən bəhs edən “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.