ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxananın elektron bazasına 419 nüsxə xəritə daxil edilib
Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) elektron bazasına 419 nüsxə xəritə daxil edilib. Xəritələrdən 51-i Azərbaycanla bağlıdır və bunlar kitabxananın Milli Rəqəmsal Yaddaş bazasına yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, bunu kitabxananın fondlarında mühafizə olunan qədim xəritələr kolleksiyasının elektron təqdimat mərasimində MEK-in komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova söyləyib. N.Həsənova ilk dəfə yaradılan xəritələr barədə məlumat verib, onların səmaya və ulduzlara əsasən hazırlandığını bildirib.
MEK-in direktoru Leyla İmanova kitabxanada 1,5 milyona yaxın sənədin mühafizə olunduğunu söyləyib. Qeyd edib ki, bu sənədlərin içərisində tariximiz üçün faydalı və öyrənilməmiş qiymətli mənbələr vardır.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu direktorunun elmi işlər üzrə müavini Cəbi Bəhramov MEK-in elektron bazasında saxlanılan xəritələrin tariximizin mübahisəli və gizlin qalmış məqamlarını aydınlaşdırmaq baxımından əvəzsiz mənbə olduğunu söyləyib. Azərbaycanın tarixi ilə bağlı bir sıra faktları açıqlayan C.Bəhramov Cənubi Qafqaz ərazisində 1918-ci ilədək Ermənistan adlı dövlətin olmadığını söyləyib, tarixboyu xalqımıza qarşı törədilən soyqırımlarından, işğal siyasətindən danışıb. Tarixi Azərbaycan coğrafiyasının hüdudlarını göstərib, ermənilərin Cənubi Qafqazda yerli xalq olmadığını xəritələr və mənbələr vasitəsilə əsaslandırıb.
Çıxış edənlər tədbirin Azərbaycan tarixinin öyrənilməsi baxımından əhəmiyyətini və önəmli xəritələrin ictimaiyyətin diqqətinə çatdırılmasının vacibliyini qeyd ediblər.