ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxananın fonduna yeni kitablar daxil olub
Bakı, 27 dekabr, AZƏRTAC
“Məmməd Əmin Rəsulzadə. Şəxsiyyət və fəaliyyətlər” kitabı Mərkəzi Elmi Kitabxananın (MEK) fonduna daxil edilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, kitab Prezident İlham Əliyevin “Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 22 noyabr tarixli Sərəncamına uyğun olaraq çap edilib. Kitaba filologiya elmləri doktoru, professor Həsən Quliyevin M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinə həsr olunmuş müxtəlif ədəbi janrlarda (pyes, kinopovest və s.) əsərləri daxil edilib.
Kitabxanaya Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Cəmilə Həzənzadənin və Ağasəlim Əfəndiyevin “Şöhrətin dörd əsri: XIII-XVI əsrlərdə Azərbaycan miniatür rəssamlığı” kitabı da təqdim edilib. Baş redaktoru akademik Çingiz Qacar olan bu kitabda dünya miniatür rəssamlığında xüsusi yeri olan Azərbaycan miniatür rəssamlığının inkişafının qısa tarixi əksini tapıb.
Türkdilli Xalqların Teatrları Rəhbərləri Şurasının sədri, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilovun “Tofiq Kazımovun rejissor dərsləri” kitabı da Mərkəzi Elmi Kitabxananın fonduna daxil olub. Azərbaycan teatr sənətinin parlaq simalarından biri, Xalq Artisti, M.F.Axundzadə adına Dövlət Mükafatı laureatı rejissor Tofiq Kazımovun həyat və yaradıcılıq yoluna həsr edilən bu kitabda görkəmli sənətkarın çoxillik səhnə və pedaqoji fəaliyyəti səhifə-səhifə diqqətə çatdırılır.