ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxananın rəhbərliyi Özbəkistanda beynəlxalq tədbirlərdə iştirak edib
Bakı, 20 oktyabr, AZƏRTAC
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru professor Məmməd Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü Özbəkistanın İnnovativ İnkişaf Nazirliyinin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi Özbəkistanda bir həftə ərzində keçiriləcək innovasiya, elm, texnika, araşdırma mövzusunda beynəlxalq konfransda və konfrans çərçivəsində təşkil olunan sərgidə iştirak etmək, həmçinin qardaş ölkədə mövcud olan elmi-kütləvi kitabxanaların fəaliyyəti, kitabxana istiqamətində əməkdaşlığın iki ölkənin elmi-mədəni münasibətlərinə verə biləcəyi töhfəni araşdırmaqdır.
MEK-in nümayəndələri ilk olaraq paytaxt Daşkənddə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda dahi liderin büstünü ziyarət ediblər. Onlar Özbəkistanın İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzinin ofisində qurumun həyata keçirdiyi layihələrlə tanış olublar. Mərkəzin direktoru Abduləziz Abdulvəliyev, I müavin Fərrux Aminov və əməkdaşlarla görüş zamanı qurumun gələcəkdə AMEA, həmçinin MEK-lə əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Professor Məmməd Əliyev ölkəmizdə müasir kitabxana-informasiya sahəsində tətbiq edilən yeniliklər, MEK-in beynəlxalq əməkdaşlığının qurulması və mövcud mübadilə əlaqələrinin genişləndirilməsi imkanları, kitabxananın fondları, layihə və təşəbbüsləri, burada fəaliyyət göstərən Qarabağ müharibəsi qəhrəmanları fondu haqqında ətraflı məlumat verib. Görüşün sonunda MEK adından mərkəzə kitablar təqdim edilib, həmçinin qarşı tərəfdən MEK-ə Özbəkistanın elmi-texniki fəaliyyətlərindən bəhs edən önəmli nəşrlər hədiyyə olunub.
Səfər çərçivəsində Məmməd Əliyev yerli televiziya kanalı olan “MTRK Özbəkistan”a müsahibə verib. Həmçinin MEK-in nümayəndələri Özbəkistanda 50-dən çox xarici ölkənin 100-ə yaxın təşkilatının təmsilçilərinin də qatıldığı “InnoWeek.uz-2022” beynəlxalq sərginin açılışında iştirak ediblər.
Qeyd edək ki, cari ilin sentyabr ayında Özbəkistanın İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzinin rəhbəri Abduləziz Abdulvəliyev Bakıya səfəri zamanı MEK-də olub. Görüş zamanı iki qurumun rəhbərliyi arasında müzakirələr aparılmış və əməkdaşlıq müqaviləsi imzalanıb.