ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanaya fevral ayında yeni nəşrlər daxil edilib
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) fevral ayı ərzində quruma daxil olan sənədlərin təqdimatını keçirib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, direktor Leyla İmanova təqdimat mərasimlərinin keçirilməsinin məqsədinin ölkənin elmi-ədəbi həyatındakı yenilikləri təbliğ etmək, əhəmiyyətli kitab nəşrlərini ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarət olduğunu söyləyib.
Sonra fondların formalaşdırılması bölməsinin əməkdaşı Qönçə Cəlilova fevral ayı ərzində kitabxanaya daxil olan sənədləri təqdim edib. O, ay ərzində kitabxanaya daxil olan pulsuz məcburi nüsxə, hədiyyə, abunə, satınalma və beynəlxalq kitab mübadiləsi yolu ilə kitab, jurnal, elektron resurs, dissertasiya və avtoreferatlar haqqında ümumi məlumat verib. Qönçə Cəlilova MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş (MRY) haqqında iştirakçıları məlumatlandırıb. Bildirib ki, layihənin məqsədi Azərbaycanın mədəniyyəti, tarixi, bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə bütün məlumatları bir araya toplamaq, arxivləşdirmək, sistemləşdirmək, rəqəmsallaşdırmaq və dünya oxucusu üçün əlçatan etməkdir.
Qeyd edilib ki, Ədalət Tahirzadənin həmmüəllif olduğu “Azərbaycan Cümhuriyyəti (1918-1920). Qısa tarixi oçerk”, Əli Şamilin “Dissident sorağında”, Sevinc Qasımovanın “Azərbaycanda Novruz ənənə və inancları”, “XX əsr Qazax aşıq mühiti” kitabları da daxil olan yeni nəşrlər sırasındadır.
Tədbirdə professorlar Ədalət Tahirzadə, Zabil Bayramlı, folklorşünas, publisist Əli Şamil, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qasımova MEK tərəfindən təşkil edilən belə təqdimatların müstəsna əhəmiyyət daşıdığını bildirib, bu işdə MEK-in fəaliyyətini yüksək qiymətləndiriblər.