ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanaya son bir ay ərzində təqdim edilən nəşrlərdən ibarət sərgi açılıb
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) son bir ay ərzində quruma təqdim edilən nəşrlərdən ibarət sərgi təşkil olunub.
MEK-dən AZƏRTAC-a bildirilib ki, iki həftə davam edəcək sərgidə elmin müxtəlif sahələri üzrə aparılan fundamental, tətbiqi və elmi innovasiya xarakterli araşdırmalar, eləcə də vətənpərvərlik mövzusunu əhatə edən nəşrlər nümayiş olunur.
Sərgidə professor İradə Hüseynovanın “İlham Əliyev və Zəfər tariximizin şanlı səhifələri” (2021), filologiya elmlər doktoru Mərziyə Nəcəfovanın “Poeziyamızın Qarabağ savaşı – Vətən müharibəsi” (2021), Ələsgər Talıboğlunun “Dərdə səpilən toxumam” (2021), Firuzə Məmmədlinin “Söz sizindir” (2021) kitabları, Elçin Əliyevin “Bakı memarlıq abidələrində fəsad heykəltaraşlıq nümunələri”nin 3 cildliyi, Qafar Əsgərzadənin “Lirik duyğular” (2020) şeirlər toplusu və digər nəşrlər nümayiş olunur.
Həmçinin “Azərbaycan arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin rolu” beynəlxalq konfransın materialları, Təhsil İnstitutunun nəşrləri, eləcə də müxtəlif tarixi tədqiqat nümunələri sərgilənir.
Qeyd edək ki, MEK-ə təqdim olunan yeni nəşrlərdən ibarət sərgi hər ay təşkil olunur.