CƏMİYYƏT


Mərkəzi Gömrük Hospitalı İtaliyanın tibb müəssisələri ilə əməkdaşlıq edəcək

Bakı, 16 iyul, AZƏRTAC

İyulun 16-da Mərkəzi Gömrük Hospitalında Azərbaycanla İtaliya arasında tibbin inkişafı və gələcək əməkdaşlığın qurulmasına dair növbəti görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, komitənin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov müxtəlif ölkələrlə yanaşı, İtaliya ilə də tibb sahəsində əlaqələrin genişləndirilməsinin Azərbaycan səhiyyəsi üçün olduqca əhəmiyyətli olduğunu və hazırda bu istiqamətdə əməkdaşlığın uğurla inkişaf etdiyini deyib. Vurğulayıb ki, Mərkəzi Gömrük Hospitalı dünyada tibb sahəsində qazanılan nailiyyətlərin, beynəlxalq təcrübənin Azərbaycanda öyrənilməsi və tətbiqinə, tibbi personalın inkişafına, təkmilləşdirilməsinə xüsusi diqqət ayırır, onların müntəzəm olaraq xarici ölkələrdə keçirilən konfranslarda, konqreslərdə, təkmilləşdirmə kurslarında iştirakını təmin edir.

İtaliyanın Azərbaycandakı səfirliyinin məsləhətçisi kimi fəaliyyət göstərən professor Franko Nakorella çıxışında Mərkəzi Gömrük Hospitalında təcrübəli mütəxəssislərin olduğunu sevindirici hal hesab edib. İtaliyalı professor bildirib ki, gələcəkdə tibbi personal və bu sahədə təhsil alan tələbələr ölkələrarası təcrübə mübadiləsində iştirak edəcək.

F.Nakorella vurğulayıb ki, sözügedən layihə çərçivəsində hazırlanmış fəaliyyət planına Mərkəzi Gömrük Hospitalı ilə İtaliyanın tibb müəssisələri arasında Uşaq Kardiocərrahiyyəsi və Xəstəxana İdarəetməsi üzrə ikitərəfli əməkdaşlıq daxil olunub.

Görüşün sonunda tibbin inkişafına dair əməkdaşlıq müqaviləsinin imzalanması istiqamətində razılıq əldə olunub və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycanla İtaliya arasında tibbin inkişafı ilə bağlı ilk görüş 2 ay əvvəl Mərkəzi Gömrük Hospitalında keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.