CƏMİYYƏT
Mərkəzi Gömrük Hospitalında “Könüllü gömrükçü”lərin fəaliyyəti uğurla başa çatıb
Bakı, 28 yanvar, AZƏRTAC
Dövlət Gömrük Komitəsində könüllülük hərəkatının inkişafı çərçivəsində yaradılmış 121 nəfərdən ibarət ikinci “Könüllü gömrükçü” dəstəsinin 10 üzvü fəaliyyətlərini uğurla başa vurublar. Könüllülər ötən il oktyabrın 28-dən bu il yanvarın 28-dək Mərkəzi Gömrük Hospitalında fəaliyyət göstəriblər.
Hospitaldan AZƏRTAC-a bildirilib ki, bu münasibətlə yanvarın 28-də keçirilən tədbirdə Mərkəzi Gömrük Hospitalının Baş həkimi Elman Məmmədov Prezident İlham Əliyevin gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ili Azərbaycanda “Könüllülər ili” elan etdiyini bildirib. O, könüllü gömrükçülərə hospitalın fəaliyyətində fəal iştirak etdiklərinə görə təşəkkür edib, məsləhətlər verib və gələcək karyeralarında uğurlar arzulayıb.
Könüllü gömrükçülər onlar üçün yaradılmış şəraitə görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, könüllü gömrükçülər 3 ay müddətində Hospitalın Xəstə Xidmətləri, Sığorta, İnzibati İdarəetmə, Mühasibatlıq şöbələrində və Çağrı mərkəzində fəaliyyət göstərərək daxil olan zənglərin cavablandırılmasından başlayaraq pasiyentlərin həkimlərin müayinəsinə qədər bütün proseslərdə fəallıq göstəriblər.