MƏDƏNİYYƏT
Mərkəzi İncəsənət Məktəbində görkəmli musiqiçilərin ustad dərsləri təşkil edilib
Bakı, 14 iyun, AZƏRTAC
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində xarici ölkələrdə fəaliyyət göstərən musiqi məktəbləri ilə bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində xaricdən dəvət edilmiş bir sıra görkəmli musiqiçilərlə görüş və ustad dərsləri keçirilib.
AZƏRTAC xəbər verir ki, qonaqlar məktəbin fortepiano və simli alətlər şöbəsinin işi ilə yaxından tanış olaraq, bu şöbələrin şagirdləri üçün müvafiq ixtisas üzrə peşəkarlığın artırılması məqsədilə ustad dərsləri keçiblər. Məktəbin gənc və istedadlı şagirdləri Sankt-Peterburq Musiqi liseyinin direktoru, professor, pianoçu Vitali Romanov, M.M.İppalitov-İvanov adına Moskva Uşaq Musiqi Məktəbinin violin ixtisası üzrə müəllimi Lyudmila Yesenina, Moskva M. və L.Rostropoviçlər adına Uşaq Musiqi Məktəbinin violonçel ixtisası üzrə müəllimi Yekaterina Koroleva, İstanbul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru, beynəlxalq müsabiqələr laureatı, türk dünyasının virtuoz violin ifaçısı Cihat Aşkın tərəfindən keçirilən ustad dərsləri zamanı dəyərli məsləhətlər və tövsiyələr alıblar.
Məktəb rəhbərliyi sonda bir neçə gün davam edən ustad dərsləri üçün görkəmli musiqiçilərə minnətdarlıqlarını bildirib. Qeyd edilib ki, peşəkarlıq səviyyəsinin artırılması, təcrübə mübadiləsinin təmin edilməsi, musiqi sənətin inkişaf etdirilməsi üçün bu kimi görüşlərin keçirilməsi, xarici ölkələrdən dəvət olunan təcrübəli müəllimlərin ustad dərslərinin təşkil edilməsi çox vacib və əhəmiyyətlidir. Öz növbəsində dəvət olunan müəllim və professorlar da məktəb kollektivinə bundan sonrakı təhsil həyatında uğurlar arzulayıblar.