MƏDƏNİYYƏT


Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi

Bakı, 26 mart, AZƏRTAC

Martın 26-da Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı ilə birgə həyata keçirilən “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində musiqi dərslərinin çəkilişinə start verildi.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ilk dərslər Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin direktoru, aparıcı müəllimi, Əməkdar artist Əziz Qarayusifli (klarnet), məktəbin fortepiano şöbəsinin müdiri Mənsurə Quliyeva, xalq çalğı alətləri şöbəsinin müdiri Şahnaz Muradova (kamança), aparıcı müəllim Təranə Babayeva (kamança), xoreoqraflar Emil Pənahov, Səbinə İsmayılova, musiqişünas Leyla Həsənovanın (musiqi ədəbiyyatı) dərslərinin lentə yazılması ilə həyata keçirilib.

Həftədə beş gün ayrı-ayrı musiqi alətləri üzrə təqdim olunacaq və müxtəlif siniflərin proqramını əhatə edəcək musiqi dərsləri aprelin 2-dən başlayaraq “Mədəniyyət” kanalının efirində dinləyicilərə təqdim ediləcək.

Televiziya ilə musiqi dərslərinin keçirilməsi hər kəsin, bütövlükdə xalqımızın sağlığı naminə tətbiq olunan zəruri sosial izolyasiya və karantin rejiminə riayət etməklə bərabər şagirdlərin musiqi və incəsənətdən uzaq düşməməsi üçün vaxtında atılmış gözəl bir addımdır. Xalqımızın ruh qaynağı olan zəngin mədəni irsimiz hər zaman bizimlədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.