SİYASƏT
Mərkəzi Klinikada keçirilən tədbirdə Ulu Öndərin xalqımız qarşısında misilsiz xidmətlərindən danışılıb
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Mərkəzi Klinikada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə geniş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin iştirakçıları Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərkəzi Klinikanın baş direktoru İxtiyar Sultanov Ümummilli Liderin həyat və fəaliyyəti barədə geniş məlumat verərək bildirib ki, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu dahi şəxsiyyət bütün mənalı ömrünü Azərbaycanın inkişafı, xalqımızın rifahının yaxşılaşması işinə həsr edib. Ulu öndər Heydər Əliyevin zəngin irsinə nəzər salarkən görürük ki, onun ölkə üçün gördüyü nəhəng işlərin, dəyərli və əzəmətli ideyaların uğurlu nəticələrini hər kəs öz sahəsində aydın hiss edir. Hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqilliyinin son 23 ili ərzində həyatımızın bütün sahələrində əldə olunan uğurlar məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya ilə bağlıdır.
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Aqiyə Naxçıvanlı çıxış edərək, görkəmli şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrdə elmin, təhsilin inkişafı ilə bağlı gördüyü işlərdən, qadınlara, uşaqlara, müxtəlif peşə sahiblərinə, xüsusən də həkimlərə diqqət və qayğısından danışıb, xatirələri ilə bölüşüb.
Yeni Azərbaycan Partiyası Mərkəzi Klinika ilk təşkilatının sədri Xudayar Mustafayev, baş həkimin müavini Sevda Əsədova ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair geniş məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda görkəmli şəxsiyyətin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.