CƏMİYYƏT
Mərkəzi Klinikanın kollektivi Müdafiə Nazirliyi Baş Tibb İdarəsi tərəfindən “Fəxri Fərman”la təltif edilib
Bakı, 18 fevral, AZƏRTAC
Mərkəzi Klinika Bakı və Gəncə Xəstəxanaları Vətən müharibəsi dövründə hərbi qulluqçulara göstərilən mütəmadi dəstək və tibbi yardımlara görə Müdafiə Nazirliyi Baş Tibb İdarəsi tərəfindən “Fəxri Fərmanla” ilə təltif edilib.
Mərkəzi Klinikadan AZƏRTAC-a bildirilib ki, xalqımız üçün müqəddəs olan Vətən müharibəsi dövründə Mərkəzi Klinika kollektivi qələbəmizin daha da yaxınlaşdırılması üçün həm arxa, həm də ön cəbhədə böyük fəallıq göstərib, bütün imkanları və qüvvəsi ilə səfərbər olmuşdu. Döyüşlər başladığı ilk günlərdən klinikanın bəzi əməkdaşları həm könüllü, həm də hərbi mükəlləfiyyətli olaraq ön cəbhədə qəhrəman ordumuzun sıralarında ləyaqətlə hərbi xidmət ediblər. Arxa cəbhədə isə Mərkəzi Klinika Bakı və Gəncə Xəstəxanalarında müharibədə yaralanmış, xüsusən də ağır xəsarətlər almış hərbçilərimizin müalicəsi həyata keçirilib. Cəbhəboyu əraziyə daha yaxın yerləşən Mərkəzi Klinika Gəncə Xəstəxanasında yaralılar üzərində mürəkkəb cərrahi əməliyyatlar, o cümlədən ağır travmatoloji, neyrocərrahi, ürək-damar, ümumi cərrahi əməliyyatlar uğurla icra edilib. Yüksək ixtisaslı həkim briqadaları və peşəkar tibb işçiləri əsgər və zabitlərlə birlikdə, mülki əhaliyə, o cümlədən də Gəncə, Bərdə, Tərtər, Goranboy və Naftalana qarşı Ermənistan tərəfindən həyata keçirilən terror zamanı ağır xəsarət almış dinc sakinlərə tibbi xidmətə cəlb edilmişdilər. Göstərilən tibbi xidmətlər və cərrahi əməliyyatlar üçün bütün tibbi cihaz, avadanlıq, dərman və tibbi materiallar Mərkəzi Klinika hesabına təmin edilmişdi. Eyni zamanda, klinikanın əməkdaşları öz təşəbbüsləri ilə aylıq vəzifə maaşlarını Silahlı Qüvvələrə Yardım Fonduna köçürmüşlər.
Kollektiv və onların ailə üzvləri arasında şəhidlik zirvəsinə yüksələnlər də oldu. Bu ağır günlərdə onların ailə üzvlərinə qayğı daim diqqət mərkəzindədir.
Bir sözlə, Mərkəzi Klinika bütün resursları ilə birlikdə, bu Böyük Zəfərin qazanılması üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun yanında olmuşdur.
Bir daha Allahdan şəhidlərimizə rəhmət, yaralılara tezliklə şəfa diləyir, xalqımızı isə Böyük Zəfər münasibətilə səmimi qəlbdən təbrik edirik!
Qarabağ Azərbaycandır!