ELM VƏ TƏHSİL
Mərkəzi Nəbatat Bağı və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə elmi-tədqiqat işləri davam etdirilir
Bakı, 18 oktyabr, AZƏRTAC
AMEA Mərkəzi Nəbatat Bağı ilə Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında aparılan birgə tədqiqat işləri davam edir.
Bu barədə AZƏRTAC-a Nəbatat Bağından məlumat verilib. Bildirilib ki, tədqiqat işləri Nəbatat Bağının Qida və dərman bitkiləri laboratoriyasının əməkdaşları – dosent Sevinc Quliyeva, biologiya üzrə fəlsəfə doktoru Aynur Ərəbzadə və elmi işçi Günay Məmmədova, həmçinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi laboratoriyasının əməkdaşları Sevil Abbasquliyeva, Əbdürəhman Adıgözəlov, Aytən Qədimova tərəfindən aparılır. Tədqiqat obyekti kimi dərman, texniki və balverən bitkilər olan gülxətmi (Alcea L.), bədrənc (Melissa L.), sığırquyruğu (Verbascum L.) cinslərinə daxil olan növlər götürülüb.
İnstitutun nəzdindəki laboratoriyalarda müasir metod və avadanlıqların köməyi ilə tədqiq olunan növlərin biokimyəvi tərkibi öyrənilir.