ELM VƏ TƏHSİL
Mərkəzi Nəbatat Bağında genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlanılıb
Bakı, 11 oktyabr, AZƏRTAC
AMEA Mərkəzi Nəbatat Bağında genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlanılıb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, 41 hektar sahəni əhatə edən bağın ərazisinin kollardan və qurumuş ağaclardan təmizlənməsi işləri sürətlə davam etdirilir. Nəbatat Bağının intensiv inkişafı ilə əlaqədar olaraq təcrübə sahələrində əkilmiş ağacların dibləri bellənərək suvarma işləri aparılır, zəif inkişaf etmiş tinglər yenisi ilə əvəz edilir. Əkilmiş yeni ağac növlərinin aqrotexniki qaydalara uyğun olaraq becərilməsi və saxlanılması üçün lazımi münbit şərait yaradılır.
Bağda həyata keçirilən yenidənqurma və bərpa işləri zamanı ərazidə suvarma sisteminın səmərəli təşkili məqsədilə yeni su borularının çəkilməsi nəzərdə tutulub.
Mərkəzi Nəbatat Bağının yeni təyin olunmuş baş direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev alim, elmi işçi və mütəxəssislərinin iştirakı ilə keçirilən müzakirələrdə müəssisənin elmi potensialının gücləndirilməsi, işçi heyətinin fəaliyyətinin təkmilləşdirilməsinin məqsədəuyğunluğu ön plana çəkib.
Bitki ehtiyatları bazasının zənginləşdirilməsi məqsədilə bağın təcrübə sahələrinə ölkə ərazisində bitən və kənardan gətirilən ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik yeni bəzək, dərman, efiryağlı və digər bitki nümunələrinin əkilməsi və elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır.
Qeyd edək ki, yenidənqurma işləri zamanı bağın ziyarətçilərə açıq ekskursiya sahələrinin dizayn konsepsiyası da nəzərdən keçirilib. Hazırda yeni landşaft dizayn layihəsi hazırlanma mərhələsindədir.