SİYASƏT


Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Bakı, 15 yanvar, AZƏRTAC

Yanvarın 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Komissiyanın yanvarın 7-də və 8-də keçirilmiş iclaslarının protokolları təsdiq olunub.

Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı Azərbaycan Ümid Partiyasının müraciətinə baxılıb və sözügedən siyasi partiya tərəfindən təqdim olunan şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

İclasda qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə də baxılıb. Maraqlı subyektlərin iştirakı ilə müraciətlər geniş müzakirə olunduqdan sonra qərarlar qəbul edilib. Komissiya namizədin qeydə alınmaması ilə bağlı müvafiq dairə seçki komissiyasının qərarının ləğv edilərək, namizədliyi öz təşəbbüsü ilə irəli sürülən bir nəfərin Milli Məclisə seçkilərdə namizədliyinin qeydə alınmasına qərar verib.

Komissiyanın iclasında, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunub.

Beynəlxalq müşahidə missiyaları və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda Milli Məclisə seçkilərə hazırlıq istiqamətində müxtəlif məsələlərə dair statistik göstəricilər diqqətə çatdırılıb, eləcə də nəzərdə tutulan genişmiqyaslı maarifləndirmə proqramı barədə ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.