SİYASƏT
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Əvvəlcə Komissiyanın 2014-cü il 25 noyabr tarixdə keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səsvermə günü seçki məntəqələrində proseslərin əvvəldən axıradək izlənilməsi məqsədilə respublika ərazisini tam əhatə etməklə, ərazilərində seçki keçirilən seçki dairələri üzrə 1000 (min) seçki məntəqəsində veb-kameraların quraşdırılmasına qərar verilib.
Komissiyanın iclasında bələdiyyə seçkilərində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin qeydə alınması məsələsi müzakirə edilib və həmin partiya tərəfindən təqdim olunmuş şəxs səlahiyyətli nümayəndə kimi qeydə alınıb.
Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş 3 müraciətə də baxılıb. MSK üzvlərinin müzakirəsindən sonra daxil olmuş müraciətlərdən 1-nin təmin edilməsi, digərinin qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərilməsi qərara alınıb. Ərizəçi öz şikayətindən imtina etdiyinə görə o biri müraciətin araşdırılmasına xitam verilib.
MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
İclasda cari məsələlərə də baxılıb.
İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.