SİYASƏT
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2015-ci il 8 sentyabr tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası barədə qərar qəbul olunub.
Komissiyanın qərarı ilə 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası, “AZADLIQ-2015” siyasi partiyalar bloku, Müsavat Partiyası və Azərbaycan Demokrat Partiyası tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.