SİYASƏT
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2015-ci il 11 oktyabr tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə “exit-poll” keçirmək niyyəti ilə bağlı “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə “exit-poll” keçirilməsi üçün Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi, həmçinin “AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə “exit-poll” keçirilməsi üçün Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası tərəfindən ünvanlanmış müraciətlərə baxılıb. Qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılaraq iclasa çıxarılmış müraciətlər Komissiya üzvləri tərəfindən müzakirə olunduqdan sonra sözügedən təşkilatların “exit-poll” keçirmək üçün qeydə alınması barədə qərar qəbul olunub.
İclasda MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.