CƏMİYYƏT


Meşə yanğınları və atmosferə atılan tullantıların qarşısı alınmalıdır VİDEO

Bakı, 3 avqust, AZƏRTAC

Avqustun 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində meşə yanğınları ilə bağlı mətbuat konfransı keçirilib.

Statistikaya əsasən, keçən il ölkəmizin ayrı-ayrı bölgələrində 18 yanğın hadisəsi nəticəsində 1098 hektar, bu ilin 7 ayında isə 19 yanğın hadisəsi nəticəsində 701 hektar meşə və çöl əraziləri yanğına məruz qalıb. Meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində baş vermiş yanğınların əsas səbəbi biçənək və kövşənlərin yandırılmasıdır.

Bu il iyulun 28-də Altıağac Milli Parkının ərazisinə keçən və üç gün davam edən yanğın 70 hektar ərazini əhatə edib. Yanğın söndürüləndən sonra faktla bağlı şübhəli şəxslər müəyyən olunub və bununla əlaqədar hüquq mühafizə orqanlarına müraciət edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev məlumat verilib.

Nazir müavini ölkə ərazisinin 12 faizini tutan meşələrin 85 faizinin dağlıq, 15 faizinin isə düzən ərazilərdə yerləşdiyini və yanğınların insan faktorundan qaynaqlandığını xüsusi qeyd edib: “Son vaxtlar havaların həddindən artıq isti və quraq keçməsi, yay mövsümü ilə əlaqədar istirahətə gedənlərin meşəlik ərazilərə üz tutmaları və açıq alovdan istifadə etmələri, həmçinin növbəti əkin mövsümünə hazırlıq məqsədilə biçindən sonra zəmi, biçənək və kövşənlərin qanunsuz olaraq yandırılması bir çox hallarda ciddi fəsadlara səbəb olur. Əksər ot bitkilərinin vegetasiya dövrünün başa çatması ilə əlaqədar meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində quru ot qalıqlarının üstünlük təşkil etməsi yanğın baş vermiş ərazidə onun qısa müddət ərzində daha geniş yayılması, hətta çətin keçilən dağlıq və sıldırım qayalıqla əhatə olunmuş ərazilərə keçməsi ilə nəticələnir. Həmin yanğınların qarşısının alınması və lokallaşdırılması uzun müddət, hətta sutkalarla vaxt tələb edir. Bunun nəticəsində isə təbiətə külli miqdarda ziyan dəyir”.

Brifinqdə meşə yanğınları və yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə nəzərdə tutulan cərimələr və inzibati cəzaların tətbiq olunmasının zəruriliyi də qeyd edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə fauna və floraya vurulan ziyana görə vətəndaş məsuliyyətsizliyinin qarşısının alınmasının zəruriliyini diqqətə çatdırıb. Onun dediyinə görə, 1 santimetr humus qatının formalaşması üçün 300 il vaxt lazımdır. Bu cür məsuliyyətsiz hərəkətlər isə hektarlarla ərazini sıradan çıxardığına görə onu cəzasız qoymaq olmaz.

Nazirliyin ekoloji maarifləndirmə və ictimai əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva atmosferə atılan tullantılar və toz barədə, eləcə də son vaxtlar bu məqsədlə Abşeron yarımadasında aparılan reydlər haqqında məlumat verib: “Toz dumanları, eyni zamanda, atmosferə atılan zərərli maddələrin toplanması üçün əlverişli meteoroloji şəraitin yaranmasına səbəb olur. Buna görə də həmin vaxtlar toz dumanı ilə yanaşı, atmosfer havasında digər zərərli maddələrin miqdarının da artması insan orqanizmi üçün əlavə təhlükələr törədir. Bu da əhalinin sağlamlığına, əsasən də tənəffüs orqanları xəstəliklərindən əziyyət çəkənlərə mənfi təsir göstərir".

Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Anar Tağıyev atmosfer havasında çirklənmənin, biomüxtəliflik, ekzogen proseslərin, radioaktiv çirklənmə və transsərhəd çayların monitorinqi üzrə departamentin apardığı müşahidələrdən danışarkən deyib: “Qaradağ rayonu ərazisində fəaliyyət göstərən Qaradağ Səhmdar Cəmiyyətinə aid 11 daş karxanasında atmosfer havasında olan tozun miqdarını müəyyən etmək üçün monitorinq keçirilib. Nəticələrə əsasən həmin ərazilərdə fəaliyyət göstərən bəzi karxanalarda tozun miqdarının 10-15, bəzilərində isə 25-30 dəfə normadan artıq olduğu müəyyən edilib”.

Onun verdiyi məlumata görə, tədbir görülməsi üçün karxana sahibləri ilə problemin aradan qaldırılması ilə əlaqədar söhbət aparılıb və mühafizə tədbirləri görülməsi üçün tövsiyələr verilib.

Brifinqdə jurnalistləri maraqlandıran bir sıra suallara da cavablar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.