CƏMİYYƏT
Meşələrdə ağacların qanunsuz kəsilməsi hallarının qarşısının alınması üçün ictimai nəzarət təşkil ediləcək
Bakı, 13 iyun, AZƏRTAC
Meşələrin biznes məqsədilə kəsilməsi hallarının qarşısının alınması, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Cəlilabad Rayon İcra Hakimiyyətində görüş keçirib.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, tədbirdə nazirliyin səlahiyyətli şəxsləri, Rayon İcra Hakimiyyəti rəsmiləri, Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin əməkdaşları, yerli hüquq mühafizə orqanlarının işçiləri, ictimaiyyət və bələdiyyə nümayəndələri iştirak ediblər. Görüşdə meşələrin qanunsuz kəsilməsinin qarşısının alınması, meşələrə və yaşıllıqlara qəddar münasibət, yanğın təhlükəsizliyi tələblərinə riayət olunması, cavabdeh şəxslərin və ictimaiyyət nümayəndələrinin məsuliyyətinin artırılması məsələləri müzakirə edilib. Meşələrə amansız münasibət göstərərək qırıntılara yol verən şəxslərə qarşı ETSN tərəfindən qəti tədbirlərin görüləcəyi bildirilib. Ciddi ictimai nəzarətin həyata keçirilməsi üçün aidiyyəti şəxslərə və qurumlara tövsiyələr verilib.
Biznes məqsədilə meşələrdə ağacların qanunsuz kəsilməsi və oğurlanması hallarının qarşısının tam alınması üçün rayonda ictimai nəzarətin və ictimai mühafizənin təşkilinə dair qərar qəbul edilib.
Respublikanın digər rayonlarında da meşələrin mühafizəsi, qanunsuz ağac kəsintisinə qarşı qəti və barışmaz mübarizə aparılması məqsədilə nazirlik tərəfindən görüşlərin təşkili davam etdirilir.