CƏMİYYƏT
Meşələrin mühafizəsi iqlim dəyişmələri ilə mübarizədə faydalıdır
Bakı, 11 may, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında meşələrə həsr edilən forum başa çatıb. Dünya təşkilatı Yer kürəsində həyatın saxlanmasında mühüm amil olan meşə massivlərinin vəziyyətinə böyük diqqət ayırır.
Ekspertlər hesab edirlər ki, meşələrin mühafizəsi iqlim dəyişmələrinə qarşı mübarizədə əsas əlçatan vasitələrdən biridir. Meşə massivləri ildə 2 milyard tonadək karbon dioksid udur. Hesablamalara görə, əgər iqlim dəyişmələrinə qarşı mübarizədə meşələrlə bağlı bütün tədbirlər kompleksi icra edilərsə, o zaman bu, atmosferə buraxılan zərərli tullantıların əhəmiyyətli dərəcədə azalmasına və qlobal istiləşməni 2 dərəcə Selsi hüdudunda saxlamağa imkan verər. Bundan başqa, meşələr yer altından çıxarılan yanacağa tələbatı aşağı salır, çünki odun bərpaolunan enerjinin 40 faizə yaxın hissəsini təmin edir.
AZƏRTAC bu barədə BMT-nin saytına istinadla xəbər verir.
Meşələrin mühafizəsi sahəsində son 25 ildə mühüm nailiyyətlər əldə olunub. Daha səmərəli idarəetmə və korlanmış torpaqların bərpası üzrə tədbirlər sayəsində meşələrin seyrəkləşməsi 50 faiz azalıb və meşələrin qırılması prosesinin dayandırılması daha icrası mümkün olmayan məsələ kimi görünmür. BMT-də meşələr üzrə Strateji plan işlənib hazırlanıb ki, bu da əsasən, meşə massivləri sahələrinin 2030-cu ilədək 3 faiz artırılmasını nəzərdə tutur. Bu, 120 milyon hektara – Cənubi Afrika Respublikası kimi dövlətin ərazisinə bərabərdir.
Çoxlarına yaxşı məlumdur ki, meşələrin qanunsuz qırılması onların seyrəkləşməsinə gətirib çıxarır. Bununla belə ekspertlər xatırladırlar ki, “planetin ağciyərləri” üçün daha çox təhlükəni kənd təsərrüfatı təşkil edir. Torpağı otlaq və ya əkin məqsədilə boşaltmaq üçün meşələri məhv edirlər. Bu gün əsas çətinlik meşələri qorumaq şərti ilə bəşəriyyətin kənd təsərrüfatı mallarına artan tələbatını təmin etməkdir.
BMT-də bu məsələyə xüsusi diqqət ayırırlar. İlk dəfə meşələrin problemi beynəlxalq gündəliyə 1992-ci ildə keçirilən Braziliya sammitində daxil edilib. O vaxt meşə massivlərinin qorunub saxlanması üzrə birgə tədbirləri nəzərdə tutan başlıca sənəd qəbul olunmuşdu. 2000-ci ildə BMT-nin meşələr üzrə forumu yaradıldı. Bu forum hər il təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında toplanır.
Bu il forumun əsas mövzusu iqlim dəyişmələri və meşələrin seyrəkləşməsinin real nəticələrinin qiymətləndirilməsi olub. Ekspertlər hesab edirlər ki, meşənin bütün faydasını rəqəmlərlə ifadə etmək çox çətindir. Planetimizin rifahı üçün meşə massivlərinin əhəmiyyəti həddən artıq böyükdür. Lakin dəqiq göstəricilərin olmaması meşələrin kənd təsərrüfatı yerlərinə çevrilməsi barədə növbəti qərarın qəbul edilməsində səhvə gətirib çıxarır.
Görüş iştirakçıları meşələrin seyrəkləşməsinə qarşı mübarizə tədbirlərinin maliyyə məsələlərini də müzakirə ediblər. Meşələrin xüsusi əhəmiyyətinə baxmayaraq, təsərrüfat yerlərinin idarə edilməsinin yaxşılaşdırılmasına və meşə massivlərinin bərpasına iqlim dəyişmələrinə qarşı mübarizəyə ayrılmış vəsaitin yalnız 2 faizi sərf edilir.