“Məşğulluğa dəstək layihəsi”nə 8,5 minədək şəxs cəlb olunub
AzerTAg.az
Bakı, 23 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi”nə 8,5 minədək şəxs cəlb olunub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının Azərbaycandakı ölkə meneceri Sara Mayklın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev layihənin ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsində önəmini diqqətə çatdırıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihənin hədəfinin 22 min işsiz şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatının yaradılması olduğu qeyd olunub. Həssas qruplara aid şəxslərin (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və s.) kiçik biznesə yiyələnməsinə imkan yaradan layihə, həmçinin məşğulluq xidmətlərinin və proqramlarının təkmilləşdirilməsinə dəstək məqsədi daşıyır.
Görüşdə layihənin komponentləri üzrə görülən işlər müzakirə olunub.





Xəbərin mətnində orfoqrafik səhv var