REGİONLAR
Məşğulluğun artırılması diqqət mərkəzindədir
Naxçıvan, 30 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud şəxslərin, yaşı 18-dən az olanların və qadınların məşğulluqlarının təmin edilməsi, həmçinin onların əməyindən qanunvericiliyə uyğun istifadə edilməsinə dair maarifləndirici seminar olub.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının əhalinin məşğulluğu sahəsində də sosial layihələrin reallaşmasına əlverişli zəmin yaratdığını qeyd edib. Bildirib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər sağlamlıq imkanları məhdud şəxslərin, yaşı 18-dən az olanların və qadınların məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsinə töhfə verməklə, müvafiq kateqoriyadan olan şəxslərin sosial təminatını daha da yaxşılaşdırıb.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Canməmməd Canməmmədov çıxışında bildirib ki, muxtar respublikada sağlamlıq imkanları məhdud olan şəxslərin və qadınların məşğulluğunun təmin edilməsi diqqət mərkəzindədir. Belə şəxslərin məşğulluğunun təmin edilməsi və əmək hüquqlarının qorunması sahəsində görülən işlərdən, bu sahədə mövcud qanunvericilik aktlarının əhəmiyyətindən bəhs edən nazir müavini bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 31 may 2018-ci il tarixdə imzaladığı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun icrasının vacibliyini diqqətə çatdırıb.
Nazirliyin əməkdaşı Elmin Fərəcov sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi qaydası, həmin kvota üzrə müəyyən olunmuş iş yerləri üzrə işəgötürənlərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətlərindən bəhs edib.
Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov müəssisə və təşkilatlarda müvafiq kateqoriyadan olan şəxslərin və qadınların əmək hüququ, onların əməyindən qanunvericiliyə uyğun istifadə edilməsi, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində və əmək qanunvericiliyinə dair digər normativ-hüquqi aktlarda bu şəxslər üçün müəyyən olunan güzəştlər, imtiyazlar və əlavə təminatlar haqqında danışıb.
Çıxışlar zamanı slaydlardan istifadə olunub, suallar cavablandırılıb.