CƏMİYYƏT
Məşğulluq Strategiyası: yaxın və uzaq hədəflər

Bakı, 1 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin imzaladığı 30 oktyabr 2018-ci il tarixli “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamda 2030-cu ilədək iqtisadiyyatda, əmək bazarında, sahibkarlıq fəaliyyətində, əmək məhsuldarlığının yüksəldilməsi ilə əlaqədar dəqiq və konkret məsələlər irəli sürülüb, hədəflər müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, sənəddəki uzunmüddətli hədəflər sırasında həmin dövrədək iqtisadiyyatda rəsmi işləyənlərin qeyri-kənd təsərrüfatı sahəsində ümumi məşğul əhaliyə nisbətini 80 faizə çatdırmaq yer alır. Bundan əlavə işsizlik səviyyəsini 4 faizə, o cümlədən qadınlar və gənclər arasında işsizliyi minimum səviyyəyə endirmək də hədəflər sırasındadır. Əmək bazarında və ya təhsildə olmayan 15-24 yaşlı gənclərin xüsusi çəkisini 15 faizə endirmək məsələsi də qarşıya qoyulub.
Yüksək əlavə dəyər yaradan və çox əmək sərf olunan sahələrə diqqət yetirməklə, iqtisadi məhsuldarlığın daha yüksək səviyyəyə qalxmasına nail olmaq və əmək məhsuldarlığını 2 dəfəyə qədər artırmaq, dövlət məşğulluq xidməti orqanlarına müraciət edənlərin işədüzəlmə səviyyəsini 70 faizə çatdırmaq, işlə təmin olunmaq üçün dövlət məşğulluq xidməti orqanlarına müraciət edənləri isə ən azı peşə hazırlığına cəlb etmək Strategiyanın prioritet məsələlərindəndir.
Həmçinin regional peşə tədrisi mərkəzlərinin sayını 10-a çatdırmaq, əmək bazarında mövcud bütün prioritet peşələr üzrə peşə standartlarını hazırlamaq, onların müntəzəm yenilənməsi mexanizmini yaratmaq və peşə təhsilində bütün kurikulumların cari standartlar əsasında hazırlanmasına nail olmaq da uzunmüddətli hədəflər sırasındadır.
Bununla yanaşı Strategiyada yaxın hədəflər də öz əksini tapıb. Belə ki, 2020-ci ilədək aktiv əmək bazarı proqramlarına ayrılan vəsaitin ümumdaxili məhsula nisbətini 0,1 faizə çatdırmaq, həmin dövrədək özünüməşğulluq proqramının əhatə dairəsini 6 dəfəyə qədər artırmaq nəzərdə tutulur. Bundan əlavə 2025-ci ilədək bütün əhali qrupları (xüsusilə gənclər, qadınlar və əlilliyi olan şəxslər) üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olmaq, bütün məşğulluq orqanlarının yeni xidmət modeli əsasında fəaliyyət göstərməsini təmin etmək, qeyri-formal və informal təhsil vasitəsilə əldə edilən səriştələrin tanınması sistemini formalaşdırmaq bir vəzifə olaraq qarşıya qoyulub.