CƏMİYYƏT
Məşğulluq və işlə təminolunma məsələləri ilə bağlı müraciətlərin sayı azalıb
Bakı, 8 fevral, AZƏRTAC
Prezident Administrasiyasına daxil olan müraciətlərin azaldığı sahələrdən biri də əhalinin sosial müdafiəsinin əsas istiqamətlərindən olan məşğulluq və işlə təminolunma məsələləridir. Son illərdə əhalinin məşğulluq səviyyəsini yüksəltmək üçün ölkə Prezidentinin təşəbbüsü ilə həyata keçirilən düşünülmüş tədbirlər sayəsində əhalinin məşğulluğu xeyli artıb. Yeni iş yerlərinin yaradılması nəticəsində bu sahədə böyük irəliləyiş nəzərə çarpır. Bu irəliləyiş Prezident İlham Əliyevin 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş Məşğulluq Strategiyasının və “Məşğulluq haqqında” yeni Qanunun qəbul edilməsi, ənənəvi kənd təsərrüfatı və xalq sənəti sahələrinin inkişafına göstərilən qayğı nəticəsində əldə olunub. Ötən il 2017-ci ilə nisbətən bu mövzuda müraciətlərin sayı 10 faizədək azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində əks olunub.
Məlumatda qeyd olunur ki, ötən il təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq mərkəzləri vasitəsilə 51 min 774 nəfər işlə təmin edilib, 2914 nəfər peşə hazırlığı kurslarına cəlb olunub, 120 minə yaxın vətəndaşa isə peşəyönümü barədə məsləhətlər verilib.