İDMAN
Məşhur “Axwell Λ Ingrosso” DJ qrupu Bakıda Formula 1 həvəskarlarına konsert verəcək
Bakı, 7 aprel, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində aprelin 28-də məşhur DJ qrupu “Axwell Λ Ingrosso” axşam saatlarında Kristina Aqilleranın konsertindən sonra səhnəyə çıxaraq avtoidman həvəskarları üçün unudulmaz anlar yaşadacaq.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən (BŞH) AZƏRTAC-a bildiriblər ki, İsveçin dünyaya bəxş etdiyi ən məşhur elektronik rəqs musiqisinin sevilən nümayəndələrindən olan iki DJ – Axwell və Ingrosso Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günündə əyləncəsevərlərə coşğulu gecə təqdim edəcəklər.
Əvvəlki illərdən fərqli olaraq bu il konsertlər və əyləncəli gecə proqramları “Baku Crystal Hall”da keçiriləcək.
Əfsanəvi “İsveç Mafia Evi” musiqi qrupunun qurucularından olan Axwell və Sebastian Ingrossonun birlikdə təsis etdiyi “Axwell Λ Ingrosso” DJ qrupu bir sıra uğurlar qazanıb. Qrupun eldə etdiyi çoxlu sayda “Grammy” mükafatı, “DJ Mag Top 100” siyahısındakı uğurları və treklərinin ard-arda “Billboard” və “Beatport”da ən çox dinlənənlər arasında yer alması bu qrupun bütün dünyada tanınmasında böyük rol oynayıb.
BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim məşhur DJ-lərin Bakıya gəlişindən məmnunluğunu bildirərək deyib: “Axwell Λ Ingrosso”nun musiqisi bütün dünyaya xitab edir. Qrupun şənbə günü gecə saatlarında baş tutacaq əyləncə proqramı həftəsonu tədbirlərimizin ən həyəcanverici hissəsidir. “Baku Crystal Hall”da keçiriləcək bu konsert Formula 1 azarkeşlərinə möhtəşəm gecə bəxş edəcək. Mən şəxsən bundan daha yaxşı yarış həftəsonu təsəvvür edə bilmirəm. Yalnız bir biletlə həm Kristina Aqilleranın, həm də Axwell Λ Ingrossonun əyləncə proqramına baxmaq imkanı qazanacaqsınız”.
Bütün dördgünlük bilet sahibləri aprelin 27-29-da axşam saatlarında hər gün biri olmaqla müvafiq ardıcıllıqla səhnəyə çıxacaq Jamiroquai, Kristina Aqillera və Dua Lipanın konsertlərində, həmçinin bu konsertlərin ardınca DJ-lərin iştirakı ilə təşkil olunacaq əyləncəli gecə proqramlarında ödənişsiz iştirak edə biləcəklər. Ayaqüstü yerlərə bileti olan tamaşaçılar həmin günə məxsus konsertə və DJ proqramına pulsuz qatıla biləcəklər.
DJ-lərin iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarına ayrılıqda bilet almaq mümkündür və gündəlik satılan bu biletlərin qiyməti DJ-lərə ən yaxın mövqedə yerləşən “Qızıl dairə” zonası üçün 50, digər yerlər üçünsə 30 manat təşkil edir. Bu biletə sahib olanlar “Baku Crystal Hall”a saat 23:00-dan etibarən buraxılacaqlar.
Yalnız dördgünlük bilet sahibləri aprelin 26-da baş tutacaq Pit-yolu gəzintisində iştirak edə biləcəklər. Bundan başqa, bütün tamaşaçılar gün ərzində pilotların iştirakı ilə keçiriləcək avtoqraf sessiyalarında, həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib Dənizkənarı Milli Parkı boyunca uzanan əyləncə zonasında müxtəlif proqramlarda iştirak edərək yarış həftəsonundan zövq ala biləcəklər.