SİYASƏT
Məşhur Məmmədov: Azərbaycanla Özbəkistan arasında hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir
Bakı, 26 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına səfəri dünyada baş verən mühüm hadisələr dəyişən güc balansı, qida, su və yanacaq böhranı, eyni zamanda, türk birliyi istiqamətində atılacaq addımlar baxımından diqqət çəkir. Yaxın keçmişə nəzər salsaq, Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini hər zaman dəstəkləyib. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirmişdi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov söyləyib.
Deputat vurğulayıb ki, dövlətimizin başçısının Özbəkistana səfəri zamanı Daşkənddə Heydər Əliyev Meydanının açılışının olması da rəsmi Daşkəndin Bakı ilə münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu göstərir. Görüşün əhəmiyyətli sazişlərindən biri iki ölkə arasında hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlıqdır. Bu sahə hər bir ölkə üçün, xüsusən ölkələrimiz üçün prioritet əhəmiyyət kəsb edir. Bizim yerləşdiyimiz regionlar təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmlənməsi məsələlərinə gündəlik diqqət tələb edir. Biz təcrübə mübadiləsi, hərbi-texniki sahədə, müdafiə istiqamətli təhsil sahəsində əməkdaşlıq üzrə fəal əlaqə saxlayacaq, təhlükəsizliyimizi qarşılıqlı möhkəmlədəcək, addımlarımızı planlaşdıracağıq.
M.Məmmədov diqqətə çatdırıb ki, saziş Azərbaycan və Özbəkistanın hərbi resursları qarşılıqlı cazibə yaradacaq. Həmin sənəd silah idxal-ixracı prosesini başlada və orduları bir-birinə inteqrasiya edə bilər. Birgə hərbi təlimlərin keçirilməsindən tutmuş, hərbi təhsil sahəsinə qədər məsələlər stimullaşdırılacaq.
“Nüfuzlu “Global Firepower”in indeksində 142 ölkə arasında 52-ci yerdə qərarlaşan Özbəkistan Ordusu Mərkəzi Asiya regionu üzrə üstün dəyərləndirilir. Ölkədə dəniz donanması olmasa da, Daşkənd çay donanmasını inkişaf etdirib. Çayların hərbi təhlükəsizliyinin təmin edilməsində Özbəkistan nümunəsi Azərbaycanın marağına səbəb ola bilər. Mərkəzi Asiya uğrunda qlobal emosiyaların coşması Özbəkistanı yeni çağırışlar qarşısında qoyduğu üçün o, tərəfdaş ölkələrlə hərbi əlaqələrini genişləndirmək istəyir.
Proseslərin beynəlxalq münasibətlər sistemindəki təsir gücünə də diqqət yetirsək, Türk Dövlətləri Təşkilatında (TDT) Azərbaycan-Türkiyə-Qazaxıstanın hərbi təlimlər keçirməsi barədə razılıq əldə edilib. Görünən odur ki, bu prosesə Özbəkistan da cəlb edilir. TDT-nin digər üzvü Qırğızıstanla da hərbi əməkdaşlıq zərurətə çevrilir və bu, Özbəkistan-Qırğızıstan sərhədindəki insidentləri də aradan qaldıran formulu meydana çıxarır. TDT-də ortaq hərbi təşkilat yaradılması istiqamətində aparılan işlər yalnız kollektiv müdafiə səyləri əsasında inkişaf etdirilir”, - deyə Məşhur Məmmədov qeyd edib.
Deputatın sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlıq dəyişən dünya nizamına verilən operativ və çevik regional reaksiya yaradan alternativ platforma rolunu oynaya bilər. Nəticə etibarilə Prezident İlham Əliyevin Özbəkistana səfəri ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verməklə yanaşı, Türk dövlətləri birliyi təşkilatının inkişafina gətirib çıxaracaq.