ELM VƏ TƏHSİL
Məşhur “National Geographic” jurnalı Azərbaycan dilində də nəşr olunacaqdır VİDEO
Bakı, 5 mart (AZƏRTAC). ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin məşhur “National Geographic” jurnalı Azərbaycan dilində də nəşr olunacaqdır.
AZƏRTAC “Fipp” nəşrinə istinadla xəbər verir ki, Azərbaycanın “Garant Media Holdinq” şirkəti ilə ABŞ-ın Milli Coğrafiya Cəmiyyəti (The National Geographic Society) arasında bağlanan müqaviləyə əsasən, “National Geographic” jurnalı Azərbaycan dilində dərc olunacaqdır. İmzalanma mərasimində “Garant Media Holdinq”in Müşahidə Şurasının sədri Anar Məmmədov və “The National Geographic Society” cəmiyyətinin vitse-prezidenti Terri Adamson iştirak etmişlər.
Azərbaycan dili jurnalın nəşr olunduğu sayca 40-cı dil olacaqdır. Jurnalın əsas materialları ingilis dilindən tərcümə olunacaq, eyni zamanda, Azərbaycan oxucusu üçün maraq kəsb edən materiallar da çap ediləcəkdir. “National Geographic Azerbaijan” jurnalının ilk nömrəsinin bu ilin sentyabrında işıq üzü görəcəyi ehtimal olunur.