MƏDƏNİYYƏT
Məşhur Vyana Dövlət Operasının 150 illik yubileyi qeyd edilib
Vyana, 27 may, AZƏRTAC
Vyanada dünyanın ən tanınmış opera binalarından biri olan Vyana Dövlət Operasının 150 illik yubileyi keçirilib.
AZƏRTAC xəbər verir ki, bir neçə gün davam edən yubiley tədbirləri Vyana şəhəri ilə yanaşı, ölkənin əyalətlərini, eləcə də xarici ölkələri də əhatə edib. Belə ki, Avstriyanın müxtəlif şəhərlərində qurulmuş xüsusi ekranlar vasitəsilə Vyana Dövlət Operasında nümayiş etdirilən opera və balet əsərləri birbaşa translyasiya edilib.
Vyana Dövlət Operasının yubiley tədbirlərində dünyanın tanınmış opera müğənniləri iştirak ediblər. May ayı ərzində opera binasında premyerası ilk dəfə burada baş tutmaqla yanaşı, bir sıra məşhur əsərlər səhnəyə çıxarılıb. Yubiley tədbirlərində Azərbaycanın Xalq artisti Yusif Eyvazov da yer alıb. O, Umberto Cordanonun “Andre Şenye” operasında dünyanın ən tanınmış soprano ifaçılarından biri olan Anna Netrebko ilə tərəf müqabili olub.
Yubiley tədbirlərinin zirvə nöqtəsini isə mayın 26-da Vyana Dövlət Operasının qarşısında qurulmuş səhnədə keçirilən klassik konsert proqramı təşkil edib. Konsertdə Avstriya və dünya bəstəkarlarının əsərlərindən ariyalar ifa olunub. Opera müğənnilərini Vyana Dövlət Operasının orkestri və xor ansamblı müşayiət edib.
Qeyd edək ki, şəhərin mərkəzində yerləşən opera binasının açılışı 25 may 1869-cu ildə imperator I Frans-Yozefin iştirakı ilə baş tutub və açılışda Volfqanq Amadeus Motsartın “Don Covanni” operası nümayiş etdirilib. Klassik musiqiyə böyük maraq göstərən hakim Habsburq sülaləsi opera musiqisinin inkişafı üçün əllərindən gələni əsirgəməyib. 1498-ci ildə təsis edilən Saray Musiqi Kapellası ilə başlayan ənənə şəhərdə müxtəlif musiqi və teatr evlərinin yaranması ilə davam edib. Barok dövründə Avropanın əsas musiqi mərkəzi mövqeyinə çıxan Vyana şəhəri bəstəkar, peşəkar müğənni və ifaçıları özünə cəlb edən maqnitə çevrilib. 1869-cu ildə təsis edilən Saray Operası müxtəlif illərdə fərqli adlar daşıyıb və 1955-ci ildən Vyana Dövlət Operası adlanır.
Dünyanın ən tanınmış musiqili teatrlarından biri olan Vyana Dövlət Operası öz peşəkar orkestri, xor və rəqs ansamblı ilə beynəlxalq aləmdə tanınır və bu operanın səhnəsində yer almaq hər bir opera müğənnisinin ən böyük arzuları sırasındadır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana