REGİONLAR
Məşhur amerikalı cazmen xaçmazlı musiqisevərlər qarşısında VİDEO
Xaçmaz, 13 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 13-də məşhur amerikalı cazmen Qabriel Stravelli və onun musiqi qrupu Xaçmazda konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyi münasibətilə təşkil olunan tədbirlər çərçivəsində keçirilən konsert xaçmazlı musiqisevərlər tərəfindən maraqla qarşılanıb.
Müxtəlif mükafatlar qazanmış Qabriel Stravelli həm özünün orijinal mahnılarının ifası, həm də Dyuk Ellinqton, Dolli Parton və Conni Merser kimi musiqiçilərin sənətlərindən bəhrələnməklə dinləyicilərin rəğbətini qazanıb.
Yerli incəsənət ustaları Coşqun Beydullayev, Müşfiq Nemətov və Vüqar Ağamalıyev amerikalı sənətçi ilə səhnəni bölüşüb. Musiqisevərlərə Azərbaycan xalq mahnıları və muğamın cazla sintezi təqdim olunub.
ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən konsert proqramları Xaçmazdan sonra Kürdəmir, Salyan və Gəncədə də təqdim olunacaq.