ELM VƏ TƏHSİL
Məşhur baletmeysterlər Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçirlər
Bakı, 2 dekabr, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Sankt-Peterburq Mahnı və Rəqs Teatrının “Moroşka” balet truppasının rəhbəri baletmeyster, xoreoqraf Yelena Vikinq və Voronej Dövlət Xoreoqrafiya Məktəbinin balet rəqqası Aleksandr Skorodumovun iştirakı ilə ustad dərsləri keçirilir.
Bu barədə AZƏRTAC-a BXA-dan məlumat verilib. Bildirilib ki, ustad dərsləri çərçivəsində səhnə hərəkətləri, xalq və klassik rəqslərin səhnələşdirilməsində regional xüsusiyyətlər, üsullar və digər mövzular tədris olunur.
Ustad dərslərinə başlamazdan öncə Yelena Vikinq və Aleksandr Skorodumov BXA-nın rəhbərliyi ilə görüşüb, akademiyanın binasını gəziblər.
Görüşdə əməkdaşlıq layihələrinin davam etdirilməsi, xoreoqrafiya təhsilində yeniliklər və tədris metodikası haqqında müzakirələr aparılıb.
Müzakirələrdə BXA-nın rektor vəzifəsini müvəqqəti icra edən Əməkdar artist Nailə Məmmədzadə, prorektorlar Təranə Muradova, Elmira Pənahlı, tədris işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən Yeganə Tapdıqova, İncəsənət fakültəsinin dekanı Sənan Hüseynli, akademiyanın orta ixtisas (kollec) təhsil pilləsinin direktoru Tahir Eynullayev və tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova iştirak ediblər.
Ustad dərsləri dekabrın 4-dək davam edəcək.