SİYASƏT
Məşhur fotojurnalist Reza Deqati instaqram hesabında ermənilərin Laçında törətdikləri vəhşilikləri əks etdirən video paylaşıb VİDEO
Bakı, 3 sentyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, məşhur fotojurnalist Reza Deqati Azərbaycanın nəzarətinə keçən Laçın şəhərində olub.
AZƏRTAC xəbər verir ki, Reza Deqati Laçında apardığı çəkilişlər barədə özünün instaqrram hesabında video paylaşıb.
O, burada ermənilərin azərbaycanlıların qəbirlərini təhqir etməsini, onların şəhərdə yandırdıqları evləri, meşələri və qəbiristanlıqları lentə alıb.
R.Deqati bildirib ki, Azərbaycan torpaqlarının ermənilər tərəfindən 30 illik işğalı zamanı 1 milyona yaxın azərbaycanlı öz evlərini tərk etmək məcburiyyətində qalıb, həmçinin ermənilər azərbaycanlıların qəbiristanlıqlarını yandırıb, evlərini talan ediblər.
“Bu gün 2022-ci il sentyabr ayının 3-dür və biz 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın müddəalarına uyğun olaraq, ermənilərin tərk etdiyi Laçın şəhərindəyik. Biz burada olan dağıntıları və vəhşilikləri indi öz gözümüzlə görürük. Buradakı azərbaycanlıların evləri və qəbiristanlıqları dağıdılıb və yandırılıb. Buradakı məzar daşları qazılaraq çıxarılıb və oğurlanıb. Qəbirlər təhqir edilib, məzarların içərisi qazılaraq insanların sümükləri çıxarılıb. Laçında qəbiristanlıqda gəzmək özü də təhlükəlidir, çünki ermənilər tərəfindən burada çoxlu sayda minalar basdırılıb.
Buradakı azərbaycanlıların qəbirləri qazılıb və onların qızıl dişləri çıxarılıb.
Ermənilər Laçın şəhərini tərk etməmişdən buradakı evləri, yaşayış binalarını, meşələri və hətta qəbiristanlıqları belə yandırıblar.
Ermənilər burada mərmərdən olan məzar daşlarını söküb aparıb, bəzi qəbirləri isə qarət məqsədilə dağıdıblar”, - deyə fotojurnalist qeyd edib.