MƏDƏNİYYƏT
Məşhur meksikalı rəssamın güman olunan audiosəsi aşkar edilib
Bakı, 19 iyun, AZƏRTAC
Meksikanın milli fonotekası məşhur rəssam Frida Kalonun çıxış etdiyi radioverilişlərinin birindəki güman olunan səsini analiz etmək üçün xüsusi komissiya hazırlayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadən xəbər verir ki, komissiyanın yarıdılması qərarı rəssamın “El Bachiller” (Boşboğaz) verilişində audiosəsin aşkar olunmasından sonra qəbul olunub. Bəzi ekspertlər iddia edirlər ki, bu səs məhz Kalonun səsidir.
Veriliş 1953-cü, yaxud 1954-cü ildə yazılıb. Proqramın böyük hissəsi Kalonun həyat yoldaşı, rəssam Dieqo Riveranın həyat və yaradıcılığına həsr olunub. Bu verilişdə Kalo “Dieqonun portreti” əsəri barədə danışır.
“Tapılmış audiosəsi öyrənmək üçün biz dilçilərdən, tarixçilərdən və Kalonun bioqrafiyasına yaxından bələd olanlardan ibarət bir qrup yaratmaq istəyirik. Həmçinin audiosəsin sahibi olan “Televisiva” radiostansiyası və Frida Kalonun ev muzeyi ilə əməkdaşlıq edəcəyik”, - deyə fonotekanın rəhbəri Pavel Qranados bildirib.
Qeyd edib ki, səsin identifikasiyası zamanı onu tanıyanların şəxsi rəyi də nəzərə alınacaq. Ancaq Qvatemala rəssamı Rina Laso səsin Kaloya məxsus olmadığını söyləyib. Onun sözlərinə görə, Frida Kalonun nitqi daha emosionaldır. “Komissiyanın işi zamanı hər bir kəsin fikri nəzərə alınacaq. Əgər bu səs Kaloya məxsusdursa, o zaman bu, onun tarixdə qalan ilk audiosəsi olacaq”, - deyə Qranados söyləyib.
Rəssamın qohumu Mara Romero Kalo isə bildirib ki, onun səsi heç bir yerdə qalmayıb.