MƏDƏNİYYƏT
Məşhur rusiyalı quruluşçu baletmeyster Bakıda ustad dərsləri keçəcək
Bakı, 10 aprel, AZƏRTAC
Rusiya Akademik Böyük Teatrının quruluşçu baletmeysteri Pyotr Kazmiruk Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən sənət ocağının balet truppasında ustad dərsləri keçmək üçün dəvət edilib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 15-dən 26-dək P.Kazmiruk ustad dərsləri keçməklə yanaşı, eyni zamanda, ayrı-ayrı solistlərlə onların daha da peşəkar ifaçılığı üçün birlikdə çalışacaq.
P.Kazmiruk 1980-ci ildə Moskvada anadan olub. Səkkiz yaşında ikən Böyük Teatrda səhnəyə qoyulan “Sirano de Berjerak” baletində iştirak edib.
1998-ci ildən Böyük Teatrda çalışan rusiyalı xoreoqraf dünyanın bir sıra ölkələrində klassik rəqs sənəti üzrə silsilə ustad dərsləri keçib. 2005-ci ildən Moskvanın “Sfera” dramatik teatrı, 2011-ci ildən M.Qorki adına Moskva Bədii Akademik Teatrı ilə əməkdaşlıq edir, həmin teatrlarda baletmeysterlik fəaliyyəti ilə yanaşı, həm də plastika və xoreoqrafiya üzrə ustad dərsləri keçir.
P.Kazmiruk quruluşçu baletmeyster kimi Rusiyanın müxtəlif teatrlarında 20-dən artıq baletə quruluş verib.