MƏDƏNİYYƏT


Məşhur silahsaz Emin Məmmədovun Xalça Muzeyinə bağışladığı iki xəncərin təqdimatı olub

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də Azərbaycan Milli Xalça Muzeyində Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan silahsazlıq sənəti ənənələrini yaşadan, bu sənətkarlıq nümunələrinin hazırlanması, tədqiqatı və təbliğatı ilə məşğul olan məşhur silah ustası Emin Məmmədovun muzeyə bağışladığı iki xəncərin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova əvvələr də muzeyin kolleksiyasında orta əsrlərə aid olan silah nümunələrinin saxlandığını söyləyib. Bildirib ki, Emin Məmmədovun hazırladığı xəncərlər isə muzeyin kolleksiyasında öz layiqli yerini tutacaq.

Eksponatların xüsusiyyətlərindən söz açan Şirin Məlikova deyib ki, Azərbaycanın ənənəvi bədii iş ustası E.Məmmədov muzeyə hədiyyə etdiyi xəncərlərdən biri Şamaxı silahsazlıq ənənələri əsasında hazırlanıb. Xəncərin qını böyük maraq doğurur. Onun yuxarısında ibadət edən zadəgan kişi, aşağı hissəsində isə milli geyimli bəy və gəlin, həmçinin zəngin nəbati naxışlar həkk olunub. Xəncərin tiyəsində kətəbələrin içərisində ərəb əlifbası ilə xəncər ustasının adı “Emin Məmmədov” və “Azərbaycan” sözləri həkk olunub.

Bildirib ki, ikinci xəncərin bədii quruluşu Qacarlar dövrünün silahları üçün xarakterikdir. Onun qını və dəstəsi gümüşlə inkrustasiya olunmuş zərif buta və digər nəbati naxışlarla bəzədilib. Xəncərin tiyəsində ərəb əlifbası ilə kətəbələrin içərisində xəncər ustasının adı “Emin Məmmədov” və “Azərbaycan” yazısı həkk olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitunun elmi işçisi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Telman İbrahimov deyib: “Vaxtilə silah daşımaq mütləq idi və kişilər bununla öyünürdülər. İndi silah gəzdirməsək də o şərəf rəmzi olaraq qalıb. Silaha belə münasibət olan yerdə silah ustalarının yetişməsinə də səbəb olub. Emin Məmmədov da belə ustalardan biridir. Azərbaycan hərb tarixinə nəzər yetirsək görərik ki, Azərbaycan 60 minlik ordu ilə üz-üzə gəlib. Əlbətdə ordumuzu silahla təmin etmək üçün çoxlu sayda silahsazlar tələb olunurdu. Silahsazlar vətənin qorunmasında önəmli yer tutur”.

Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani bildirib ki, Azərbaycan hər zaman geostrateji maraqların mərkəzində olub. Bu torpağın yeraltı, yerüstü sərvətləri dünya səyyahlarını, yadelliləri şirnikləşdirib. Qoşunlar yeridilib, qılınclar oynayıb, amma bu torpağın oğulları dar gündə silahlanıblar, yəhərləniblər və öz güclərini göstəriblər: “Bu gün dünyanın istənilən hansı muzeyinə getsək Azərbaycanın digər sənət nümunələrilə yanaşı silahsazlıq məktəbinin nümanələrini də görə bilərik. Emin Məmmədovun hazırladığı bu xəncərlər də ümid edirəm Xalça Muzeyində qiymətli eksponatlar sırasında olacaq”.

Sonra Qafqaz tarixi mərkəzinin direktoru Rizvan Hüseynov çıxış edib. Bildirib ki, sovetlər birliyində hərb kitablarında azərbaycanlı deyil daha çox erməni silahsazların adları çəkilirdi. Qədim qılıncların üzərində ərəb əlifbası ilə yazılan sözlər olsada onların əsl müəllifləri gizlədilirdi. Emin Məmmədov xalqımıza şərəf gətirən bir silahsazdır.

Tədbirin bədii hissəsində Cahangir Qurbanovun ifasında “Qələbəyə gedən yollar” mahnısı səsləndirilib.

Qeyd edək ki, Emin Məmmədov Aleksandr Voloviklə birlikdə nəfis tərtibatı və məlumatların zənginliyi ilə maraq doğuran “The Azerbaijan Armourers Art” ( Azərbaycan silah sənəti) kitabının müəllifidir. E.Məmmədov, həmçinin UNESCO tərəfindən bu ilin aprel ayında Parisdə təşkil olunan “Culture for Peace” (Mədəniyyət sülh naminə) müsabiqəsində birinci yer tutub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.