MƏDƏNİYYƏT
Məsim Hacıyev: Hüseyn Cavidin İstanbulu sevdiyini nəzərə alaraq burada onun abidəsinin ucaldılmasına qərar verdik VİDEO
İstanbul, 24 oktyabr, AZƏRTAC
Bu gün Azərbaycanın, eləcə də bütün türk dünyasının böyük şairi Hüseyn Cavidin doğum günüdür. Məlum olduğu kimi, Hüseyn Cavidin gəncliyinin bir hissəsi İstanbulda keçib. O, İstanbul Universitetində təhsil alıb. Onun İstanbulu, o cümlədən türklüyü sevdiyini nəzərə alaraq bu böyük şəhərin ən görkəmli yerlərindən birində abidəsinin ucaldılmasına qərar verdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev İstanbulda böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin büstünün açılış mərasimində bildirib.
M.Hacıyev deyib: "Konsulluq tərəfindən abidənin ucaldılacağı yerin seçilməsi ilə bağlı İstanbul Böyükşəhər Bələdiyyəsinə müraciət olunduqda bir neçə məkan təklif olundu. Bu yerlər arasında ən çox xoşumuza gələn və dəyərləndirilən məhz Nilüfər Parkı oldu. Belə ki, bu məkan universitetlərlə əhatə olunub və buranı mütəmadi olaraq çox sayda turist və yerli vətəndaş ziyarət edir. Düşünürəm ki, abidə Cavid adının İstanbulda əbədiləşdirilməsinə vəsilə olacaq”.
Qeyd edək ki, abidə azərbaycanlı rəssam-heykəltəraş Sənan Eynullayev tərəfindən hazırlanıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul