ELM VƏ TƏHSİL
“Məsləhətli saat” proqramının növbəti buraxılışında strateji planlaşdırma haqqında danışılacaq
Bakı, 24 may, AZƏRTAC
Mayın 25-i saat 19:00-da “Direktorlar klubu” çərçivəsində davam edən “Məsləhətli saat” proqramının növbəti buraxılışı yayımlanacaq.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, İctimai Şuranın üzvü, Əməkdar müəllim Asif Cahangirovun təqdimatında hər həftənin çərşənbə günü yayımlanan proqramın budəfəki buraxılışında strateji planlaşdırma haqqında danışılacaq.
“T-Network”un feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq proqramda Bakı şəhəri 36 nömrəli tam orta məktəbin direktoru Emilya Səfərəliyeva və 193 nömrəli tam orta məktəbin direktoru Rahim Hüseynov çıxış edəcəklər.
Xatırladaq ki, “Direktorlar klubu” Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı, “Kapital Bank”ın baş sponsorluğu ilə yaradılıb. Klubun əsas məqsədi məktəb direktorlarının kommunikasiyasını və təcrübə mübadiləsini təmin etmək, onlar arasında əməkdaşlığın inkişafına nail olmaq, bu yolla onların bacarıqlarını təkmilləşdirməkdir. Həmçinin təhsilin idarəetməsində keyfiyyətin inkişafına töhfə verməkdir. Bu çərçivədə direktorların görüşlərinin təşkili, onların idarəçilik təcrübəsinin daha geniş auditoriyaya çatdırılması, mövcud vəziyyəti daha da yaxşılaşdırmaq üçün müzakirələrin aparılması və ehtiyacların öyrənilməsi nəzərdə tutulur.
Kluba üzv olmaq istəyən məktəb direktorları [email protected] elektron ünvanına müraciət edə bilərlər.