İDMAN


Məşqçi Sarrinin “Çelsi”dən “Yuventus”a keçməsi barədə razılıq əldə edilib

Bakı, 14 iyun, AZƏRTAC

Turinin “Yuventus” və Londonun “Çelsi” futbol klubları hazırda İngiltərə komandasının baş məşqçisi olan Maurisio Sarrinin İtaliya komandasında analoji vəzifəyə keçməsi barədə razılığa gəliblər. “Qazeta.ru” portalı bu barədə jurnalist Canluka di Marsionun rəsmi saytına istinadla məlumat verib.

AZƏRTAC xəbər verir ki, “Çelsi” ilə müqaviləsi 2021-ci ilə qədər qüvvədə olan Sarrinin “Yuventus”a keçməsi müqabilində “Yuventus” minimal kompensasiya ödəyəcək. Buna baxmayaraq, əgər 60 yaşlı mütəxəssis İtaliya komandasında müəyyən uğurlar qazana bilsə, İngiltərə klubu bonus almağa ümid edə bilər.

“Yuventus”un nümayəndəsi sazişin təfsilatları barədə razılığa gəlmək üçün iyunun 13-də Londonda olub. Keçid barədə danışıqlar xeyli uzanıb. Buna səbəb “Çelsi”nin bir xahişi olub – londonlular italiyalı məşqçinin istefasından əvvəl ona əvəz tapmaq istəyiblər. Əldə olan məlumata görə İngiltərə klubuna onun keçmiş kapitanı Frenk Lempard başçılıq edəcək. Həmin mənbədən alınan məlumata görə, bu barədə cümə günü rəsmən elan ediləcək.

Sarri “Çelsi”nin rəhbəri vəzifəsində 2018-ci ilin iyul ayında fəaliyyətə başlayıb. Ötən mövsümün yekunlarına görə o, komanda ilə birlikdə İngiltərə premyer-liqasında üçüncü yeri tutub və Avropa Liqasının qalibi olub. Bundan əvvəl (2015-2018-ci illərdə) Sarri “Napoli”nin rəhbəri olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.