ELM VƏ TƏHSİL
Məşqçilik, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyini seçənlər 4 komissiya üzrə qeydiyyatdan keçə bilər
Bakı, 16 may, AZƏRTAC
Məşqçilik və fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisaslarına qəbul olmaq istəyən abituriyent əvvəlcə qəbul imtahanının I mərhələsində (cari ilin abituriyenti üçün buraxılış imtahanı) azı 60 bal toplamalıdır. Sonra istədiyi Qabiliyyət imtahanı komissiyası üzrə qeydiyyatdan keçməlidir. Abituriyent maksimum 4 komissiya üzrə qeydiyyatdan keçə bilər. Qabiliyyət imtahanında abituriyent Ümumi fiziki hazırlıq fənnindən imtahan verir.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahan zamanı abituriyent öz yaş qrupuna və seçdiyi idman növünə uyğun normativləri yerinə yetirir. Normativlər qeyd olunan hərəkətlər üzrə icra edilir- sürət hazırlığı - 100 m məsafəyə sprint qaçışı, dözümlük hazırlığı - 1000 m (qızlar 500 m) məsafəyə kross qaçışı, qüvvə hazırlığı - hündür turnikdə (bu hərəkətin əvəzinə qızlar uzanaraq əllərlə gimnastika skamyasına dayaqdan qolların bükülüb-açılması hərəkətini icra edirlər) dartınma, sürət-güc hazırlığı - yerindən uzunluğa tullanma.
İmtahanda hər bir qiymətləndirmə hərəkəti 10 ballıq şkala ilə dəyərləndirlir. Ayrı-ayrı qiymətləndirmə hərəkətləri üzrə abituriyentin normativlərə müvafiq topladığı balların cəmi qiymətləndirmə hərəkətlərinin sayına (4-ə) bölünür və orta bal göstəricisi müəyyənləşdirilir. Orta balın hesablanması zamanı hər bir hərəkət üzrə abituriyentin topladığı 6 və daha yuxarı ballar nəzərə alınır. “Məqbul” qiymət almaq üçün abituriyent 6 və daha yüksək orta bal göstəricisinə malik olmalıdır. Abituriyent hər hansı bir qiymətləndirmə hərəkətindən imtina etdiyi halda həmin hərəkət üzrə nəticə 0 balla qiymətləndirilir. Lakin bu halda da abituriyentin topladığı maksimal bal 4-ə bölünür. Qabiliyyət imtahanına gələrkən hər bir abituriyent komissiyaya sağlamlıq haqqında arayış (forma-086U) təqdim etməlidir. Qabiliyyət imtahanlarında abituriyent idman formasında iştirak etməlidir.
İdman forması olmayan abituriyent imtahanlara buraxılmır. Güc nazirliklərində işləyən abituriyentlər qabiliyyət imtahanına gələrkən, həmçinin müvafiq nazirlikdən verilmiş icazə-arayışı təqdim etməlidirlər. 61-ci komissiya üzrə qabiliyyət imtahanında məqbul qiymət alan abituriyentin nəticəsi 62–ci komissiyaya şamil edilir. 78-ci komissiya üzrə qabiliyyət imtahanından məqbul qiymət almış abituriyentlərin imtahan nəticələri 79-cu komissiyaya şamil edilir. 84-cü komissiya üzrə qabiliyyət imtahanından məqbul qiymət almış abituriyentlərin imtahan nəticələri 85-ci komissiyaya şamil edilir.
Qiymətlərin şamil edilməsi abituriyentlərin müvafiq komissiyalar üzrə qeydiyyatdan keçdiyi halda rəsmiləşdirilir. Abituriyent bədən tərbiyəsi və idman istiqaməti üzrə imtahanlara hazırlaşmaq üçün qəbul olmaq istədiyi ixtisasa uyğun olan qəbul proqramı ilə tanış olmalıdır. Qəbul proqramları “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində ətraflı verilib.
Xüsusi qabiliyyət imtahanlarına hazırlaşan abituriyent köməkçı vasitə kimi mütəxəssislərin hazırladıqları metodiki tövsiyələrlə tanış olmalıdır.