Məşqçilik ixtisası üzrə qabiliyyət imtahanlarının hər bir idman növü üzrə məzmunu müzakirə edilib
AzerTAg.az
Bakı, 14 mart, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində Gənclər və İdman Nazirliyi və respublika idman federasiyalarının nümayəndələri ilə görüş keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə DİM-in imtahanların təşkili və idarə edilməsi departamentinin müdiri Azər Bağırov, Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və respublikanın 20 idman federasiyasından olan nümayəndələr iştirak ediblər.
Çıxış edənlər xüsusi qabiliyyət imtahanlarının təşkili istiqamətində DİM ilə Gənclər və İdman Nazirliyi arasında 2022-ci il 9 iyun tarixli əməkdaşlıq memorandumuna toxunub, imtahanların nəticələri ilə bağlı hər iki qurumun gözləntiləri haqqında danışıblar.
Görüşdə məşqçilik ixtisası üzrə bu il təşkil olunacaq xüsusi qabiliyyət imtahanlarının hər bir idman növü üzrə məzmunu müzakirə edilib. Bu istiqamətdə Dövlət İmtahan Mərkəzi, Gənclər və İdman Nazirliyi və hər bir idman növü üzrə ixtisaslaşmış federasiyalarla birgə iş aparılacaq.
DİM abituriyentlərin nəzərinə çatdırır ki, 2023/2024-cü tədris ili üçün məşqçilik ixtisası üzrə xüsusi qabiliyyət imtahanlarının qiymətləndirmə normativləri hər bir idman növü üzrə fərqli olacaq. Proqramlar və qaydalar yaxın vaxtlarda “Xüsusi qabiliyyət imtahanları” jurnalında dərc olunacaq.




Xəbərin mətnində orfoqrafik səhv var