“Met-ak” istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
AzerTAg.az
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 19-da Bakı Fond Birjasında (BFB) "Met-ak" MMC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, emissiyanın həcmi 3 000 000 AZN, nominal qiyməti 1000 AZN, hərrac qiyməti 1000 AZN, istiqrazların tədavül müddəti 1 il, faiz dərəcəsi (illik) 12 faiz, faiz gəlirinin ödəniş müddəti 30 gündür. "Unicapital" QSC anderrayter vəzifəsində çıxış edir.
Emissiya prospektinə əsasən, tələb təklifdən çox olduğu halda eyni qiymətlə təqdim olunan sifarişlər mütənasib qaydada təmin ediləcək. Əlavə olaraq, emitentin emissiya prospektinə əsasən ilk 180 gün ərzində geri satın alınmaya təqdim edilən istiqrazlar "Unibank KB" ASC tərəfindən, 181-ci gündən 273-cü günə kimi geri satın alınmaya təqdim edilən istiqrazların 50 faizi "Unibank KB" ASC, 50 faizi isə "Met-ak" MMC tərəfindən və 274-cü gündən 365-ci günə kimi "Met-ak" MMC tərəfindən təmin ediləcək. “Met-ak” istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) "Listinqdə olan şirkətlər" bölməsində yerləşdirilib.
“Met-ak” istiqrazları BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində listinqə alınıb.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.

Xəbərin mətnində orfoqrafik səhv var