İQTİSADİYYAT
Metallurgiya üzrə magistrlər hazırlanması təklif olunur
Metallurgiya sahəsi üzrə magistr hazırlığına başlanılmalıdır.
Bu barədə təklif Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu layihəsinin müzakirəsi zamanı səslənib.
Kompleksdən AZƏRTAC-a bildiriblər ki, görüşdə AMEA-nın alim və mütəxəssisləri QSC-nin rəhbər işçiləri ilə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Texniki əməkdaşlığın və innovasiya tədbirlərinin inkişaf etdirilməsi, texniki təlim xidmətlərinin təşkili üçün işçi qrupunun yaradılması, müvafiq tədbirlər planının hazırlanması qərara alınıb. Müzakirələrdə hər bir sahənin elmi cəhətdən araşdırılmasının, yüksək ixtisaslı kadr hazırlığının, eyni zamanda, bu sahəyə alimlərin cəlb edilməsinin vacibliyi qeyd olunub.
Görüşdə iştirak edən professor Zaur Əlizadə Daşkəsən dəmir filizi yataqlarında uzun illər apardığı elmi tədqiqatlar haqqında məlumat verib və gələcək elmi işlərindən danışıb.
Anlaşma Memorandumunun gələn ay imzalanması gözlənilir.